
Türkiyənin Atatürk Universitetində Zəngəzur dəhlizi haqqında kitabın təqdimatı olub
Türkiyənin Erzurum şəhərindəki Atatürk Universitetində Zəngəzur dəhlizindən bəhs edən kitabın təqdimatı keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, elmlər doktoru Arzu Tural Dikmenin redaktorluğu ilə nəşr olunan kitabın müəllifləri yeni nəqliyyat-logistika marşrutunun region ölkələrinə və ümumilikdə qlobal proseslərə təsirini təhlil ediblər.
Kitabın hazırlanmasında Atatürk Universitetinin İqtisadiyyat, beynəlxalq ticarət və logistika kafedrasının müəllimləri və Naxçıvan Dövlət Universitetinin mütəxəssisləri fəal iştirak ediblər.
A.T.Dikmen Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonları arasındakı marşrutun strateji əhəmiyyətini vurğulayıb. O bildirib: “İki hissədən və 23 fəsildən ibarət kitabda Zəngəzur dəhlizinin tarixi, iqtisadi və logistika parametrlərini tam şəkildə ortaya qoymağa çalışdıq. Bu, şübhəsiz ki, bütün regionun potensialının aşkara çıxarılmasına mühüm töhfə verəcək”.
Daha sonra çıxış edən Atatürk Universitetinin professoru Kerem Karabulut kitabın hazırlanması ideyasının ötən ilin əvvəlində Naxçıvan Dövlət Universitetinin müəllimləri ilə görüşü zamanı yarandığını bildirib.
“İki qardaş ölkə alimlərinin fəal əməkdaşlığı sayəsində cəmi bir il ərzində biz elmi ictimaiyyətə belə dəyərli əsər təqdim edə bildik. Əminəm ki, bu kitab Türkiyə və Azərbaycan universitetləri arasında uğurlu qarşılıqlı fəaliyyətin yeni nümunəsinə çevrilib. Kitabın müəllifləri belə bir ortaq məxrəcə gəliblər ki, Zəngəzur dəhlizinin açılmasının təkcə Türkiyə, Azərbaycan və Ermənistana deyil, həm də bütövlükdə regiona müsbət təsir göstərəcək”, -deyə Karabulut bildirib.