
Metin Yener: İğdır–Naxçıvan təbii qaz kəməri layihəsi iki ölkənin birlik və gücünün simvoludur
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Türkiyə Respublikası Hesablama Məhkəməsinin sədri Metin Yener Naxçıvanda səfərdə olarkən iki ölkənin ali audit qurumları arasında həyata keçirilən mühüm layihələrdən biri – İğdır–Naxçıvan təbii qaz kəməri barədə jurnalistlərə müsahibəsində deyib.
Sədr bildirib ki, layihə Türkiyə Hesablama Məhkəməsi ilə Azərbaycan Hesablama Palatası arasında əməkdaşlığın konkret nəticəsidir və bu işlər ötən il İğdır şəhərində imzalanan protokol ilə rəsmi şəkildə başlamışdı. “Müddət tamamlandı və bir illik zaman içərisində hər iki yüksək dövlət təşkilatı işləri uğurla həyata keçirdi". – deyə Yener vurğulayıb.
Layihə Türkiyə tərəfindən BOTAŞ, Azərbaycan tərəfindən isə SOCAR şirkətləri vasitəsilə icra olunub. Bu təşəbbüs, sadəcə olaraq iki ölkə arasında böyük enerji layihəsi olmaqla kifayətlənməyib, eyni zamanda ali audit qurumları arasında ilk ortaq fəaliyyət kimi də tarixə düşüb.
Metin Yener əlavə edib:
“Bununla iki ölkə arasındakı münasibətlər daha da möhkəmləndi. Əməkdaşlığın ən dəyərli tərəfi isə görülən işlərin dünya standartlarına uyğun şəkildə təqdim edilməsidir. Bu, hər iki ölkənin hesablama təşkilatları adına qürurverici haldır".
Səfər çərçivəsində Azərbaycan Hesablama Palatasının sədri ilə keçirilən görüşlərə də toxunan Yener, əməkdaşlığın gələcək perspektivlərinə də işarə edib:
“Bu iş birliyini daha da irəli bir nöqtəyə daşıyacağıq. Palata sədrini 15 gün sonra Türkiyədə qarşılayacağıq və orada yeni əməkdaşlıq sənədi imzalanacaq.”
Sədr eyni zamanda sentyabr ayında Türk dövlətləri ilə bağlı müsbət xəbərlər olacağını da qeyd edib və Naxçıvanda olmağından məmnunluğunu ifadə edib:
“Naxçıvanda olduğum üçün böyük məmnunluq duyuram. Bu gözəl qonaqpərvərlik üçün hər kəsə təşəkkür edirik".
Mətin Kamal