NDU nəzdində İngilis dili Təmayüllü Gimnaziyaya  qəbul imtahanı keçirilib -

NDU nəzdində İngilis dili Təmayüllü Gimnaziyaya qəbul imtahanı keçirilib - FOTO

22 İyun 2025

İyunun 22-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ında prioritet istiqamətlərin icrası çərçivəsində fəaliyyətə başlayan Naxçıvan Dövlət Universiteti nəzdində İngilis dili Təmayüllü Gimnaziyaya  ikinci qəbul imtahanı keçirilib.  

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul imtahanında muxtar respublikanın ümumtəhsil məktəblərinin 2024–2025-ci tədris ili üzrə V sinfi bitirən şagirdləri iştirak ediblər.

Gimnaziyaya  qəbul üçün 429 nəfər sənəd təqdim edib. İmtahanda Azərbaycan dili, Riyaziyyat, İngilis dili, Tarix  və Təbiət fənlərindən ümumilikdə test formatında 100 sual təqdim olunub.

Üç saat davam edən imtahanın sualları Naxçıvan Dövlət Universitetinin İmtahan Mərkəzi tərəfindən tərtib edilib. 

İmtahanlarda şagirdlərin təhlükəsizliyinin və sağlamlığının təmin edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşları prosesə cəlb olunub. 50 nəzarətçinin iştirak etdiyi imtahan 25 sinifdə aparılıb. 

İngilis dili Təmayüllü Gimnaziyaya müsabiqə yolu ilə aparılan qəbul imtahanının nəticələri ilk həftə ərzində Naxçıvan Dövlət Universitetinin rəsmi internet saytında (www.ndu.edu.az) yerləşdiriləcək.

Nəticələrə əsasən, ən yüksək bal toplayan 30 qız və 30 oğlan olmaqla, ümumilikdə 60 şagird Gimnaziyaya qəbul olacaq. 

Qeyd edək ki, Gimnaziyanın şagirdlərinin bu il imtahanlarda yüksək uğurlu nəticələri qeydə alınıb. 

2024-2025-ci tədris ilində keçirilən buraxılış imtahanında ölkə üzrə maksimal nəticə göstərən 9 nəfər şagirddən biri Gimnaziyanın şagirdi Rüqayyə Hüseynli 300 bal toplayaraq Naxçıvan üzrə birinci olub. Eyni zamanda, ümumi orta təhsil pilləsini başa vuran 61 şagirddən 47-si fərqlənmə attestatına layiq görülüb, 58 şagird isə 200-dən yuxarı nəticə göstərib. 

Gimnaziyanın bu ilki məzunlarının isə 34 nəfəri tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 200-dən yuxarı bal toplayaraq 94%-lik nəticə əldə edib.

 İmtahanlarda qeydə alınan ən yüksək nəticə 290 bal olub. Ümumilikdə 24 şagird tam orta təhsil haqqında fərqlənmə attestatına layiq görülüb.