Müsahib: Eyni ünvanda ikinci dəfə zəhərlənmə halının baş verməsi  məhsulların saxlanma şəraiti ilə əlaqədar ola bilər

Müsahib: Eyni ünvanda ikinci dəfə zəhərlənmə halının baş verməsi məhsulların saxlanma şəraiti ilə əlaqədar ola bilər

09 İyun 2025

Naxçıvan şəhərində yerləşən “Kassap dönər”də 17 nəfərin kütləvi şəkildə qida zəhərlənməsinə məruz qalması ilə bağlı araşdırmalar davam etdirilir.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə açıqlamasında Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qida zənciri nəzarət şöbəsinin müdiri Orxan Orucov məlumat verib. Onun sözlərinə görə, eyni ünvanda ikinci dəfə bu halın baş verməsi mövsümi amillər, məhsulların saxlanma şəraiti və istifadə qaydalarının pozulması ilə əlaqədar ola bilər:

“Bu kimi riskli xidmət sahələrində qida zəhərlənmələrinin yaranmasına bu amillər səbəb ola bilər. Hazırda araşdırma davam edir. Qida zəncirinin bütün mərhələlərində – çiy dönərin saxlanması və emal müəssisəsində, həmçinin termiki emaldan keçmiş dönərdən nümunələr götürülüb. Soslar, ketçup, mayonez və digər əlavələrdən də nümunələr seçilərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib”, – deyə Orxan Orucov bildirib.

Şöbə müdiri qeyd edib ki, dönərlə bağlı normativ-hüquqi akt mövcuddur və orada göstərilən temperatur rejiminə əməl olunması vacibdir:

“Müşahidələr zamanı müəyyən olunub ki, istifadə olunan souslar lazımi temperaturda saxlanılmır, gigiyenik qaydalara riayət edilmir. Bu isə belə arzuolunmaz hallara səbəb olur”.

Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi ilboyu, xüsusilə yay aylarında müxtəlif qida məhsulları – dönər, dondurma, bostan məhsulları, balıq, ət və süd məhsulları ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirir. Qurum tərəfindən obyektlərə bildirişlər təqdim olunur, mediada maarifləndirici görüşlər təşkil edilir və təlimlər keçirilir.

Xatırladaq ki, 9 iyun tarixində Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi tərəfindən Qida Təhlükəsizliyi Agentliyinə “Kassap dönər”də 17 nəfərin zəhərlənməsi barədə məlumat daxil olub. Hadisə ilə bağlı dönərxananın fəaliyyəti məhdudlaşdırılıb, laborator müayinələr aparılır. Araşdırmaların nəticələri ictimaiyyətə açıqlanacaq.

Mənsurə Hümbətova