
Dünyanın ən ağır yükü: informasiya
Naxçıvanxəbərləri -10
Müasir dünyamızda iqtisadi və hərbi qüdrətlə yanaşı daha təsirli bir qüvvə var ki, o da informasiyadır. İnformasiyaya sahib olmaq indi hər şeyə sahib olmaq kimidir. Bu müasir zamanın tələbidir. İnformasiya isə sağlam və əsaslı, necə deyərlər dəqiq və tutarlı olanda onun dəyəri, qiymətinin ölçüsü heç nə ilə hesablanmır. Ona görə də informasiyaya sahib olmaqla yanaşı ondan düzgün istifadə etmək də bir ustalıq və bacarıqdır. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının ilk müstəqil informasiya saytı olan Naxçıvanxəbərləri.az 10 illik fəaliyyəti müddətində özünü doğrulda bilib. Belə ki, 2015-ci ildə rəsmi şəkildə fəaliyyətə başlayan sayt, açığı o zaman informasiyanın qıtlıqla və xəsisliklə əldə olunduğu Naxçıvanda o qədər də sensasiya ilə qarşılanmadı. Saytın ilk baş redaktoru Mehman Şabanov ictimai fəal kimi tanınsa da müəyyən dairədə jurnalist kimi qəbul edilmirdi. O, yalnız bu saytın facebook səhifəsinin sahibi kimi izləyicilərə tanış idi. Amma Mehman müəllim ilk vaxtlardan çox peşəkar bir addım ataraq “əli qələm tutan” hər kəs üçün Naxçıvanxəbərlərini əlçatan elədi. Qısa məzmunlu və ən vacib xəbərlər, məlumatlar yerləşdirməklə, eyni zamanda rəsmi mətbuat orqanlarında yazıları verilməyən, çap edilməyən (məlum səbəblərdən!) müəlliflər, xüsusilə də ziyalılar üçün saytı bir tribunaya çevirə bildi. Sayt sanki o zaman fəaliyyət göstərən bütün KİV-lərin alternativinə çevrilmişdi. Baş redaktorun təşəbbüsü ilə hətta geniş auditoriya üçün bir neçə başlıqda yazı müsabiqəsi keçirildi və sponsorlar cəlb edilməklə fərqlənənlər mükafatlandırıldı.
Etiraf edək ki, saytda gedən yazılar da səviyyəli və daha dolğun olduğu üçün, eyni zamanda bəzi “sovet qafalıların” şablon redaktəsindən keçmədiyi üçün oxunaqlı idi. Çünki müəlliflərin orijinal fikirləri qorunub saxlanırdı.
Bu informasiya portalı tezliklə nəinki Naxçıvanda, hətta sosial şəbəkənin gücü ilə ölkədə və dünyada tanınmağa başladı.
“Naxçıvanxəbərləri” hətta dəfələrlə digər media nümunələrinin susduğu mövzuları işıqlandırmaqla tezliklə həllinə nail olmağı bacardı. Məsələn, o zamanlar Naxçıvanın marketlərində alıcılara məhdud sayda yumurta satılmağa başlandı. Hamı buna sussa da, Naxçıvanxəbərləri bu mövzunu bir neçə sətrlik məlumatla öz səhifəsində ictimailəşdirə bildi və elə həmin günün sabahı məsələ həll edildi. Bu saytın media mənsubu kimi böyük uğuru idi və bundan sonra cəsarətinə görə izləyicilər arasında nüfuzu yüksəlməyə başladı.
Bir dəfə isə, yaxşı yadımdadır, Bakıdan “media kapitanları”nın Naxçıvana turu təşkil edilmişdi. Naxçıvanda olan media mənsubları ilə görüşləri də keçirilirdi. Yerli media işçiləri və rəsmi nümayəndələr ağızdolusu rəhbərliyin Naxçıvanda KİV-ə göstərdiyi qayğıdan danışırdı. Hətta bununla bağlı öz şeirini oxuyanlar da oldu. Bu rəsmiyyətçiliyə alışmayan paytaxtın “media kapitanları” təbii ki, bunu gülüşlə qarşıladılar. O zaman turda iştirak edən jurnalist Rauf Arifoğlu ,- Naxçıvanda müstəqil media qurumu varmı?-deyə soruşanda, bir qədər fasilədən sonra,
“Bəli, Naxçıvanxəbərləri.com saytı var”- cavabı verildi. Bu görüşü təşkil edənlər, saytı paytaxt səviyyəsində gələn media nümayəndələrinin müstəqil medianın olmaması ilə bağlı gələcək tənqid hədəfindən qorunmaq üçün məmnuniyyətlə qalxan kimi istifadə etdilər... Və özlərini qoruya bildilər. Halbuki, onlar üçün Naxçıvanxəbərləri.az saytı “gözdən uzaq, könüldən iraq ” bir sayt idi.
...Son bir neçə ildə isə sayt artıq özünü informasiya agentliyi səviyyəsində təsdiq edib. Saytın indiki baş redaktoru Mətin Abbaslı gənc olmasına baxmayaraq Naxçıvanla bağlı sanballı və dəqiq məlumat əldə etmək istəyən izləyiciləri bu media qurumuna tərəf istiqamətləndirməyi ustalıqla bacarıb. Halbuki, son illər Naxçıvanda yetərincə sayda KİV təmsilçisi var. İndi ölkənin və hətta dünyanın ən mötəbər insanları, rəsmi, dövlət adamları, sıravi insanları muxtar respublika ilə bağlı məlumatı ilk olaraq "Naxçıvanxəbərləri"dən alır. Oxucuya, izləyiciyə özünü sevdirməyi bacaran 10 yaşlı saytın cəmi iki rəsmi əməkdaşı var. Baş redaktor və redaktoru Mənsurə Hümbətova.
Amma iş elə qurulub ki, bütün rəsmi və qeyri-rəsmi informasiya mənbələri, mətbuat xidmətləri, tutarlı yazı yazan qələm sahibləri, ziyalılar, tələbələr, hətta jurnalistlər belə öz xəbərlərini, məlumatlarını bura göndərməklə saytın yüzlərlə “əməkdaşına” çevrilirlər.
Hələ bura ölkə səviyyəsində tanınmış mütəxəssislərin, ekspertlərin, eksklyüzif müsahibələri, qardaş Türkiyədən göndərilən məqalələr də əlavə olunduqda işin mahiyyəti daha da böyüyür. Məhz elə bu – xəbərin, məlumatın ilkin mənbədən əldə olunması faktı və onun qısa, lakonik, oxunaqlı şəkildə təqdim edilməsi Naxçıvanxəbərləri.az saytının reytinqini və etibarlılığını artıran şərtdir.
İşə peşəkar yanaşma, izləyici, oxucu fikrinə hörmət, ən əsası bəzən tanımadığın, məqsədini bilmədiyin insanlara inanıb, onlara hörmət göstərib yazılarını təmkinlə oxuyub redaktə etmək, naşı yazılan xəbəri peşəkar səviyyəsinə qaldırmaq gecə-gündüz, çox zəhmət tələb edən bir işdir. Bu işi isə cəmi iki nəfər edir. Mətin Abbaslı və Mənsurə Hümbətova.
"Naxçıvanxəbərləri"nin azsaylı kollektivi isə bunun öhdəsindən uğurla gəlir. Saytın sosial şəbəkə hesablarında yazı ilə yanaşı foto, video görüntülərlə faktların verilməsi izləyicini dəqiq məlumatla təmin edir, onu həm də hadisənin canlı şahidinə çevirir.
Tanınmış alim və din xadimi mərhum Hacı Şahin müasir informasiya sistemini düzgün istifadə edilməyən halda tağuta - tüğyan edilən pisliklərin səbəbkarına bənzədir. Ona görə də mərhum alim informasiya cəmiyyətini ağlın və düşüncənin inhisara alındığı cəmiyyət adlandırır. Deməli, hər hansı bir informasiyanın yanlışlıqla istifadə edilməsi, yayılması çox böyük fəsadlara səbəb olar. Ona görə də informasiya yükü dünyanın ən ağır yükü kimi onu yayan KİV-lərin üzərində məsuliyyət yaradır. Bu məsuliyyəti dərk edən və hər bir xəbərin, məlumatın arxasında gizlənən məqamları görə bilən media qurumunun rəhbəri, kollektivi onun daha çox müsbət mahiyyətinə önəm verməli və yaymaqla insanlarda düzgün düşünmə üçün şərait yaratmalıdır. Naxçıvanxəbərləri məhz bu baxımdan həqiqətə bir addım yaxındır.
...Bu günlərdə 10 yaşını-yubileyini qeyd etməyə hazırlaşır hamımızın sevimli informasiya mənbəyi. Elə son günlər muxtar respublikanın rəsmi dövlət adamları, nüfuzlu sahibkarları, qələm əhlinin etdiyi təbriklər, ünvanlandığı səmimi ürək sözləri saytın az bir zamanda hamının sayğı və sevgisini qazandığını sübut edir.
Bir şeyi də qeyd edim ki, Naxçıvanda çox vaxt əvvəlcə insanın şəxsiyyətinə, sonra isə gördüyü işə dəyər verirlər. Bu uzun illər istər jurnalist kimi çalışdığım zamanda, istərsə də teatr sahəsində fəaliyyətim dövründə apardığım müşahidənin bəhrəsidir.
Naxçıvanxəbərləri.az saytının kollektivi peşəkarlar kimi özünü insanlara sevdirə bilib və bu da danılmaz faktdır.
...Çox yazmaq olar Naxçıvanxəbərləri ilə bağlı. “Amma görünən kəndə nə bələdçi?” Nəhayət, 10 yaşın mübarək, Naxçıvanxəbərləri!!!
Səməd CANBAXŞIYEV,
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti,
jurnalist-aktyor