
Publisistik düşüncələr: Gözəlliyi göz oxşayır Naxçıvanın
Mənim düşüncəmdə Naxçıvan adının etimoloji anlamı – "cahanın naxışı" – bu gün dolğunluğu ilə ehtiva olunur. Qədim memarlıq inciləri, müasir arxitektura üslubunda ucalan yaraşıqlı tikililəri, geniş, abad yolları, küçə və meydanları ilə göz oxşayır bu şəhər. Xüsusilə də, ala-yaşıla bürünən, səliqə-səhman içərisində gül-çiçək rayihəli parkları, istirahət ünvanları qəlbə rahatlıq, ruha, duyğuya, düşüncəyə təravət gətirir... Bu şəhərdə hansı ünvana üz tutsan, hara baxsan, insan ruhuna toxunan bir gözəllik mənzərəsi açılır göz önündə. Yaşıllıq əsrarəngizliyi fonunda nazlanan "Əcəmi seyrəngahı", ecazkar "Qızlar bulağı" və bu ünvanda əsrlərin o üzündən sirli memarlıq ornamentləri ilə heyrət yaradan Əcəmi Əbubəkir oğlunun şah əsəri olan "Möminə xatun" möhtəşəmliyi, Açıq Səma Altında Muzey sanki insanı sehrli bir aləmə aparır. Qədimliklə çağdaşlıq harmoniyası xoş duyğu selində yorğunluğu, kədəri də silib aparır. Abadlığın, təmizliyin hökm sürdüyü bu məkanda sanki hər şey – köklü-köməcli ağaclar, yaşıllıq içində güllər, çiçəklər belə – daha saf, daha ümidli, daha canlı görünür...
Bu fikirləri təkcə söz açdığım bu ünvan haqqında deyil, Naxçıvan şəhərinin hər guşəsi barədə desək, yanılmarıq. Beləcə, gözəlliyi göz oxşayır Naxçıvanın. Bu gözəlliyi yaradan, torpağı, yurdu cənnətməkan edən, onun əsrarəngizliyini qoruyub zənginləşdirənsə bu diyarın vətənpərvər, torpağa bağlı insanlarıdır. Yaşı, tarixi minillikləri ötən bu şəhər təkcə qədimliyi, maraqlı relyef quruluşu, zəngin təbiəti ilə deyil, yurda, torpağa bağlı insanları ilə də seçilir, fərqlənir. Sərtlikdə dağlarına, qayalarına, kövrəklikdə Xan Araza bənzəyən bu insanlar yaratdıqları gözəllikləri böyük sevgiylə qoruyub zənginləşdirirlər.
Bu düşüncələr demək olar ki, sakini olduğum şəhəri hər dəfə dolaşdıqca fikrimə hakim kəsilir. Onları qələmə almaq, oxucularla bölüşmək istəyi isə bir səhər işə gedərkən gördüyüm, şahidi olduğum mənzərə səbəb oldu...
Həmin gün sübhdən yağan narın yağış yenicə kəsmişdi. Əbədi məşəlimiz Günəş mavi səmamızdan, buludlar arxasından gülümsəyir, ilıq hərarətlə təmas etdiyi torpaqdan ətrafa xoş rayihə yayılırdı. Və yolboyu addımladıqca havanın xoş təravəti əhval-ruhiyyəyə sirayət edir, yağışla yuyulmuş tər-təmiz şəhər mənzərələri – al şəfəqlər, bərq vuran islaq yaşıllıqlar, gülkarlıqlar, güllər göz oxşayır, könül xoşluğu yaradır. Qeyri-ixtiyari bu əsrarəngizliyi yaradan, qoruyan insanların əməyini alqışlayır, minnətdarlıq ifadə edirsən.
Və fikirləşirsən ki, torpağa ting, kol əkmək, yaşıllıq salmaq, abadlıq yaratmaq asandır. Çətini isə əkiləni, salınanı, yaradılanı qorumaq, təmizlik edib səliqə-səhman içində saxlamaq, torpağa alın təri töküb, əkilənin qayğısına qalmaq, hər gülün, çiçəyin nazını çəkməkdir. Bu mənada onların əməyi, zəhməti yurdsevərlik, vətənpərvərlik meyarı olmaqla alqışlanası, təqdir olunasıdır.
Onların çoxu bu şəhərdə hər kəsdən tez oyanır, sübhün şirin yuxusundan durub alatoranlıqda işlərinin başına keçirlər. Şəhərin təmizlik işçilərini deyirəm. Bizlərin tər-təmiz gördüyümüz şəhərin hər guşəsini – yollarını, səkilərini, tinlərini, dalanlarını silib-süpürürlər, etinasız, laqeyd adamların atdığı tullantılardan təmizləyirlər. Nə yağış, nə külək, nə soyuq, nə də isti onların əlini işdən soyutmur.
Adətən üzləri, başları örtülü olsalar da, gözlərində işıq parıltısı, əllərində zəhmət naxışları görünür. Bu sırada şəhərin abadlıq, yaşıllıq işçilərini də qeyd etmək, onlar barədə də xoş söz demək yerinə düşər. Bəli, Naxçıvan şəhərinin belə gözoxşayan, səliqəli, abad, yaraşıqlı görkəmində təmizlikçilərlə yanaşı, onların da zəhmət payı az deyil. Maraqlısı odur ki, bu insanların böyük əksəriyyəti də orta və yaşlı nəslin nümayəndələridir. Deyirlər, insan yaşlandıqca əli işdən, ruhu zəhmətdən yorulur. Amma bu fikrin nə qədər yanlış olduğunu görmək üçün sadəcə bir səhər onların öz işlərinə necə həvəslə, məsuliyyətlə yanaşdıqlarını görmək kifayətdir. Və onlara baxdıqca işə münasibətdə yaş həddinin nisbi olduğu qənaətinə gəlirsən. Düşünürsən ki, həqiqətən yaş sadəcə bir rəqəmdir: həvəsin, istəyin, ruh və yurda, torpağa sevginin böyüklüyü qarşısında yaşın dəyəri yoxdur.
Bu insanların yaşı bəlkə də 60-ı ötüb, ya da hələ çatmayıblar o yaşa. Amma bildiyim bir şey var: onlarda yurd, torpaq eşqinin alovu səngiməyib. Onlar gördükləri işi ürəklə, sevgi ilə, yorulmadan, usanmadan yerinə yetirirlər. Ağacların, kolların kökünün ətrafını yumşaldır, çiçəklərin əhatəsində alaq otlarını təmizləyir, yaşıllıqları sulayır – həm də qayğıyla, diqqətlə, nəvazişlə... Sanki bu işlər onlar üçün təkcə fiziki zəhmət deyil, eyni zamanda zövqdür, gözəllikdən feyziyab olmaqdır.
Onlarla – şəhərin təmizlik, yaşıllıq işçiləri ilə dəfələrlə həmsöhbət olmuşam. Bu nur simalı, təbəssümlü insanlarla ünsiyyətdən hər dəfə də məmnun qalmışam. Qulluq etdikləri həyat rəmzi yaşıllığın saflığı, gül-çiçək paklığı sanki onların iç dünyalarına hopub. İnam və ümidlərinə, həyata baxışlarına, insanlığa münasibətlərinə sirayət edib. Düzü, onlarla ünsiyyətdən yorulmursan, usanmırsan, xoş ovqata köklənirsən.
Bir dəfə onların yaxınlığından ötərkən gördüyüm, eşitdiyim, şahidi olduğum hadisədən isə çox mütəəssir oldum. Elə həmin vaxt adını, soyadını öyrəndiyim İsa Əhmədov adlı yaşlı adam belini dikəldib işinə ara verdi. Yaxınlığındakı ağacın dibini yumşaldan iş yoldaşına səsləndi:
– Bir dayan, ay Azər, gəl nəfəsimizi dərək, – dedi.
Və cibindən bir qoz çıxardıb əlindəki qayçıya vuraraq sındırdı. Ləpənin bir üzünü özü götürüb, digərini yanına çatan kişiyə uzatdı. O, yemədiyini israr etsə də, dostu əl çəkmədi. Məcbur qalıb götürdü. Hər ikisi o kiçik ləpələri təbəssümlə, iştahla yedilər. Sonra da Azər Xərəyev cibindən bir portağal çıxarıb təbəssümlə soydu və tən bölüb dostuna verdi.
Açığı, onların bu paylaşımından, bir-birinə səmimiyyətlərindən, mehribanlığından duyğulanmamaq olmur. Və fikirləşirəm ki, əlində olanı başqasıyla paylaşmaq – səmimiyyət meyarı olmaqla əsl insanlıq nümunəsidir. Kaş hər kəs belə anlaşmağı, bu cür paylaşmağı bacara bilə. Ömürləri alın təri ilə halal ruzi qazanmaqla keçən, əlləri zəhmət naxışlı bu işçilər kimi...
Beləcə, düşüncəmdə nəcib xislətli adamları, insanlığa örnək əxlaqi-mənəvi keyfiyyətləri, mehribanlığı, əməksevərliyi alqışlayıram. Və fikirləşirəm ki, nə yaxşı ki, xalqımıza, millətimizə məxsus milli-mənəvi dəyərləri yaşadan, zənginliyini qoruyan insanlarımız çoxdur.
Bəli, qədim Naxçıvan şəhəri çağdaş memarlıq ənənələrini əks etdirən yeni tikililər, təmir-bərpa işləri, abadlıq ünvanları ilə daha da gözəllik məkanına çevrilir. Göz oxşayan, könül rahatladan yaşıl parklər, gül-çiçəklə əhatələnən yaraşıqlı ünvanlarla daha ecazkar görkəm alır. Təbii ki, yaratmaq, qurmaq xoş məramlı işdir, əməldir. Ən əsası isə yaradılanı, salınanı, qurulanı qorumaq, bu əsrarəngizliyi saxlamaq, zənginləşdirməkdir.
Bu yazıda haqqında danışdığım insanlar da bu nəcib və vacib işi yerinə yetirir, doğma şəhərimizin təmizliyinin, yaşıllığının qayğısına qalırlar. Həm də həvəslə, ürəklə, böyük ruh yüksəkliyi ilə bu gözəlliklərə dəyər verirlər.
Canınız sağ, işiniz avand olsun! Qəlbinizdən yurd, Vətən sevdası azalmasın, əlləriniz heç vaxt yorulmasın. Sizin sayənizdə bu şəhərin gözəllikləri, səliqə-səhmanı qorunur. İnsanlığa örnək zəhmətinizi, əməyinizi alqışlayır, minnətdarlıq ifadə edirik.
Adilə SƏFƏROVA
teatrşünas