
“Konstitusiya Marafonu” layihəsinin məhkəmə simulyasiyası mərhələsi baş tutub - FOTO
“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Konstitusiya Marafonu” layihəsinin məhkəmə simulyasiyası mərhələsi baş tutub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Ali Məhkəmədə keçirilən simulyasiya çərçivəsində Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri tərəfindən mülki mübahisə üzrə məhkəmə baxışı səhnələşdirilib.
Səhnələşdirilmiş məhkəmə prosesində pul tələbinə dair mülki mübahisəyə baxılması üzrə işin birinci instansiya məhkəməsində baxışı canlandırılıb. Məhkəmə baxışının gedişində sübutların tədqiqi, tərəflərin izahatlarının alınması, şahidlərin dindirilməsi, müşavirə otağında məhkəmə qərarının hazırlanması və elan edilməsi tələbələr tərəfindən əyani şəkildə nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının hakimləri Mehman Allahverdiyev, Zamiq Əiyev və Mehdi Əliyev münsif qismində tələbələrin iştirakını izləyiblər. Məhkəmə simulyasiyasından sonra simulyasiya üzrə münsif hakimlərlə səhnələşdirilmiş məhkəmə prosesinin nəticələri müzakirə olunub. Tələbələrin diqqətinə çatdırılıb ki, bu qəbildən tədbirlərin yetişməkdə olan gənc hüquqşünasların gələcək peşə vərdişlərinin formalaşdırılmasındakı rolu danılmazdır. Məhkəmənin Naxçıvan Dövlət Universiteti ilə imzaladığı Memorandum diqqətə çatdırılıb və qeyd olunub ki, hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin nəzəri biliklərlə yanaşı, təcrübi biliklərinin də artırılması Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin diqqət mərkəzindədir və bu qəbildən layihələr artıq ənənəvi xarakter daşımaqla gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, məhkəmə simulyasiyasında müvafiq rolları canlandıran tələbələrə sertifikatların təqdim edilməsi “Konstitusiya Marafonu” layihəsinin bağlanış mərasimində baş tutacaq.