
Naxçıvanda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş rəsm sərgisi keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında naxçıvanlı rəssam Şahin Rəsulzadənin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir-sərgisi baş tutub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sərgidə 48 rəsm əsəri nümayiş olunub. Açılış mərasimində çıxış edən Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət, mədəni irs, incəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Pərvin Həsənov qeyd edib ki, Naxçıvan rəssamları yaratdıqları sənət inciləri ilə mədəniyyətin inkişafına töhfə verirlər və onların əsərləri beynəlxalq sərgilərdə də nümayiş olunur.
Mədəniyyət və incəsənətin inkişafına, milli irsimizin təbliği istiqamətindəki səmərəli fəaliyyətinə görə Şahin Rəsulzadə Nazirliyin təşəkkürnaməsi ilə təltif edilib.
Tədbirdə çıxış edən Naxçıvan Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli və digər çıxışçılar rəssamın yaradıcılıq yolundan, əsərlərində Naxçıvan motivlərinin üstünlüyündən və yaradıcı insanlara göstərilən dövlət qayğısından danışıblar.
Sonda rəssam ənənəyə uyğun olaraq üç əsərini Naxçıvan Dövlət Rəsm Qalereyasına hədiyyə edib və sərgiyə baxış keçirilib.