"Konstitusiya marafonu” layihəsinin bağlanış mərasimi keçirilib

"Konstitusiya marafonu” layihəsinin bağlanış mərasimi keçirilib

25 İyun 2025

İyun ayının 25-də   Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” nə həsr olunmuş “Konstitusiya Marafonu” layihəsinin bağlanış mərasimi baş tutub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Dövlət Universitetində baş tutan tədbirdə çıxış edən Universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar olaraq NDU-da müxtəlif mövzularda tədbirlər planı hazırlanaraq icra edilir. Bu çərçivədə keçirilən “Konstitusiya Marafonu” layihəsi konstitusiyanın əhəmiyyətinin və konstitusion dəyərlərin gənclər arasında təbliğinə xidmət edir. O, həmçinin vurğulayıb ki, 26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində keçirilən bu təşəbbüslər suverenliyimizin bərpasının və qorunmasının önəmini bir daha diqqətə çatdırır. Hüquqşünaslıq ixtisasının tələbələrinin elmi fəaliyyətlərdə fəallığı isə bu sahəyə olan marağın göstəricisidir.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Mehdi Əliyev çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi həm cəmiyyətdə hüquqi fərqindəliyin artırılması, həm də hüquqşünasların peşə bacarıqlarının inkişafı istiqamətindəki işlərə təkan  verib. “Konstitusiya Marafonu” layihəsinin məqsədi də universitetin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin peşəkar mühitə tam hazırlanmalarına töhfə verməkdir. Ali Məhkəmə ilə Universitet arasında 2023-cü ildə imzalanmış birgə əməkdaşlıq haqqında anlaşma memorandumunu xatırladan Mehdi Əliyev bildirib ki, tələbələrin mütəmadi olaraq Məhkəmələrdə geniş miqyaslı layihələrə, təlimlərə və təcrübə proqramlarına cəlb olunması, əməkdaşlıq çərçivəsində elmi-praktiki konfranslar, seminarlar, təlim kursları, mühazirə və görüşlərin keçirilməsi artıq ənənə halını almaqla onların hüquqi və təcrübi biliklərinin möhkəmlənməsinə, zəruri peşə bacarıqlarının formalaşmasına əhəmiyyətli təsir göstərir. 

Sonda layihədə iştirak etmiş tələbələrə sertifikatlar, layihə çərçivəsində keçirilmiş müsabiqələrdə qalib olmuş komandalara mükafatlar təqdim olunub.

Qeyd edək ki, “Konstitusiya Marafonu” layihəsi may ayının 6-da öz işinə başlayıb və layihə çərçivəsində tələbələrin iştirakı ilə hakimlərlə görüş, interaktiv müzakirə sessiyası, panel müzakirələr, məhkəmə simulyasiyası, hüquqi müsabiqə və debat keçirilib.

 Layihənin məqsədi tələbələrə konstitusion dəyərlərin aşılanması ilə yanaşı onların hüquqi biliklərinin möhkəmləndirilməsi, tənqidi düşüncə, hüquqi təfəkkür, liderlik və komanda ilə işləmə, qərar vermə, problem həll etmə kimi bacarıqların inkişaf etdirilməsidir.