
Konstitusiya və Suverenlik İli çərçivəsində tədbir keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatı və Naxçıvan Dövlət Universitetinin iştirakı ilə Mədəniyyət Nazirliyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər. Tədbir şəhidlərin və Ulu Öndərin ruhuna ehtiram olaraq bir dəqiqəlik sükutla başlayıb.
Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.
Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov çıxışında Azərbaycanın dövlətçilik tarixindən və 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın əhəmiyyətindən bəhs edib.
Tədbirdə həmçinin Ombudsman təsisatının əməkdaşı Sadiq Babayev, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Qadir Əkbərov və YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli çıxış ediblər.
Sonda “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Dövlətin əsasları” filmi nümayiş etdirilib və Naxçıvan Dövlət Filarmoniyasının estrada orkestri tərəfindən konsert proqramı təqdim olunub.