
Naxçıvan Şəhər İcra Hakimiyyətində Qurban bayramı ilə əlaqədar olaraq bayram sovqatı paylanıb - FOTO
Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, Naxçıvan şəhərində də xoş əhval-ruhiyyə ilə qeyd edilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bayram münasibətilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev tədbir iştirakçılarını saflıq və mərhəmət rəmzi olan Qurban bayramı münasibətilə təbrik edərək onlara əmin-amanlıq, cansağlığı və süfrələrinə ruzi-bərəkət arzulayıb. Bildirib ki, müqəddəs Qurban bayramı Azərbaycanda geniş qeyd olunur. Bu müqəddəs bayramda insanlar xeyirxah əməlləri ilə ehtiyacı olanlara yardımlar edir, kəsdikləri qurbanlardan onlara pay verirlər.
Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi ayrılmış kəsim məntəqəsində qurbanlıqlar kəsilərək Qarabağ müharibəsi, Vətən müharibəsi şəhidlərinin, qazilərinin ailələrinə və sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrə qurban payları göndərilib.
Daha sonra Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin sədri Mayis Gülməmmədov çıxış edərək bu əziz gündə şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını diləyib.
Qeyd edək ki, ümumilikdə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Qurban bayramı ilə əlaqədar olaraq 135 şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı, həmçinin 1035 nəfərə isə qurban payı paylanılıb.