
Türk dünyasının ulu şairi - Bəxtiyar Vahabzadə – 100
Milli şeir, milli dil, milli mədəniyyət – milli kimliyin özünəməxsusluğunu özündə barındıran dəyərlər toplusu. Bu dəyərlər toplusu türk dünyasının ulu şairi Bəxtiyar Vahabzadənin yaradıcılığında bütünlüklə əks olunmaqdadır. B. Vahabzadə yaradıcılığı həm də Azərbaycan milli kimliyinin tarixidir! Bu mənada, Bəxtiyar Vahabzadə istər yaradıcılığı, istərsə də ideologiya daşıyıcılığı baxımından türk ədəbiyyatında, belə demək mümkünsə, böyük bir hadisədir! Bəli, Bəxtiyar Vahabzadə dünya ədəbiyyatı tarixində böyük hadisə ola biləcək dühalardandır. O təkcə şair deyildi, həm də Azərbaycan xalqının danışan dili, düşünən beyni, vuran qəlbi idi. Xalqımız onu milli dəyərlərimizin dönməz və yorulmaz hamisi kimi hər zaman sevib, sevəcək. Görkəmli alim professor Yaşar Qarayev haqlı olaraq yazmışdır: “Bəxtiyar Vahabzadənin yaradıcılığında zaman və vətən anlayışı bir də ziya anlayışı ilə bağlıdır”.
Bu il Azərbaycanın, eləcə də böyük türk dünyasının böyük oğlu Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasından yüz il ötür. Bu münasibətlə ölkə Prezidenti Cənab İlham Əliyev böyük şair B. Vahabzadənin yüz illik yubileyinin qeyd edilməsi haqqında 21 fevral 2025-ci il tarixdə sərəncam imzalamışdır. Sərəncamda da qeyd edildiyi kimi, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadə ədəbiyyat tariximizdə dramaturq, ədəbiyyatşünas, eləcə də pedaqoq və ictimai xadim kimi tanınmışdır. Onun bütün sahələrdəki fəaliyyətinin vacib məramı milli düşüncənin, milli ideoloji fəlsəfənin formalaşdırılması olmuşdur.
Böyük şairin yaradıcılığının böyük bir hissəsi sovetlər zamanına təsadüf etmişdir. Bu dövr milli zəmin, milli ideologiya baxımından buxovlu bir dövr idi. Lakin köksü Vətən və azadlıq sevdası ilə alovlanan şairə dövr, zaman hökm edə bilmədi. Onun çağlayıb daşan millət, vətən və dil sevgisi dövrün amansız təsirlərinə güc gəldi. Şair sovetlər zamanında belə açıq şəkildə milli ruhlu şeirlər yazdı, milli mədəniyyətimizə, milli azadlığımıza qarşı olan qüvvələri tənqid və rədd etdi. Çox zaman bu şeirlər işıq üzü görmürdü. Amma buna baxmayaraq, həmin şeirlər əlyazma formasında xalq arasında oxunur, mənimsənilirdi. Beləcə, xalq öz milli dəyərinə, milli keçmişinə qayıdır, daxilən milli düşüncəyə sahib çıxmağa çalışırdı. B. Vahabzadənin belə əsərlərindən biri də 1959-cu ildə yazdığı “Gülüstan” poemasıdır. Bu əsərdə ikiyə bölünmüş Azərbaycanın tarixi acı taleyindən bəhs edilir. Əsərin ‘‘Gülüstan’’ adı bir zamanlar Rusiya ilə İran arasında Gülüstan kəndində imzalanmış və əzəli Azərbaycan torpaqlarının ikiyə bölündüyünü bildirən müqavilənin adındandır. Və bu əsərdə Azərbaycanın tarixi torpaqlarını ikiyə bölən qüvvələr öz adları ilə açıq şəkildə göstərilmişdir. Xalq bu məşhur poema ilə o dövrdə heç bir tarix kitabında bəhs edilməyən gerçək tarixini oxumuş, keçmişdən bu günə sahib olduğu sərhədlərini mənimsəmişdir.
Qoyulan şərtlərə razıyıq deyə,
Tərəflər qol çəkdi mühaidəyə…
Tərəflər kim idi?
Hər ikisi yad!
Yadlarmı edəcək bu xalqa imdad?!”
B. Vahabzadə - bu ad bu gün o taylı-bu taylı Azərbaycanın hər kəndini, şəhərini, evini və hər bir insanın ürəyini fəth etməkdədir. Azərbaycan şairlər yetirən torpaqdır. Bu gün məmləkətimizin, az qala, hər qarışından bir şair “göyərir”. Lakin B. Vahabzadə kimi şairlər hər zaman yaranmır. Zaman onu özünün ən dramatik, ən fəci anlarında dünyaya gətirir ki, ağrılarını ovutsun, yatan, qəflətə dalan övladlarını yuxudan oyatsın, onlara şeirin dili ilə qeyrət dərsi keçsin. Çünki bir xalqın düşmənə basılmağından daha çox onun mənən, ruhən məğlubiyyəti daha dəhşətlidir. B. Vahabzadə öz şəxsiyyət və əsərləri ilə milləti bu bəladan xilas etdi.
Bir insan və vətəndaş kimi əgər xalq olaraq bizdə cəsarət varsa, bu cəsarətin mənbəyi XX əsrin sonlarındakı xalq hərəkatının öndərləri olmuş Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və Məmməd Araz idilər. B. Vahabzadənin tələbələri deyirdilər ki, Bəxtiyar müəllimin mühazirələri təkcə fənnin tədrisindən ibarət deyildi, onun dərsləri həm də VƏTƏN DƏRSİ idi. Və onun bu VƏTƏN DƏRSİ yüzlərlə azərbaycanlının kamil bir insan kimi yetişməsində misilsiz rol oynamışdır. Nə yaxşı ki, dünyada Bəxtiyar Vahabzadə var. Bəli, məhz var! Əgər o olmasaydı, millətimiz ən dəhşətli çağında bir haqq səsini itirərdi.
Xalq şairi Bəxtiyar Vahabzadə yazırdı: “Şeir, sənət, hər şeydən əvvəl, ictimai fikirdir. O yalnız bir nəfərin daxili hisslərini, şəxsi duyğularını deyil, bütün bir xalqın fikrini, arzularını, mübarizə proqramını ifadə etməlidir! Bu böyük ideala xidmət etməyən, şəxsi hissləri tərənnüm edən şeirin, sənətin əsl ədəbiyyatla heç bir əlaqəsi yoxdur. Bizi xalqımızın ən böyük sənət bahadırları bü cür tərbiyə etmişdir. Onların varisləri olan bu günün şairləri də yalnız və yalnız bu yolla getməlidir”.
Həyatı. Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci ildə Şəki şəhərində anadan olmuşdur. Onun atası Mahmud kişi vaxtilə türk ordusunun əsgəri idi. 1934-cü ildə onlar Bakıya köçmüş, B. Vahabzadə orta təhsilini burada tamamlamışdır. 1942-ci ildə o, indiki Bakı Dövlət Univertsitetinin Filologiya fakültəsinə daxil olmuş, 1947-ci ildə buranı bitirmişdir. Hələ şagird ikən ədəbiyyata böyük maraq göstərən B. Vahabzadə ilk şeirlərini də bu zaman yazmışdır.
B. Vahabzadənin ədəbiyyata, şeirə böyük maraq göstərməsində onun orta məktəbdəki ədəbiyyat müəllimi İbrahim Cəfərin böyük təsiri olmuşdur. B. Vahabzadənin ilk şeiri “Ana və şəkil” adı ilə 1943-cü ildə nəşr olunmuşdur. Hələ tələbə ikən – 1945-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olmuş B. Vahabzadə 1947-ci ildə universitetdə aspiranturada saxlanılmış, 1951-ci ildə “S. Vurğunun lirikası” mövzusunda namizədlik (fəlsəfə doktoru) dissertasiyası müdafiə etmişdir. Elə o vaxtdan B. Vahabzadə həyatını bu elm ocağı ilə bağlamış, universitetin professorluğuna qədər yüksəlmiş, 1964-cü ildə “S. Vurğunun yaradıcılıq yolu” mövzusunda doktorluq dissertasiyasını da müvəffəqiyyətlə müdafiə etmiş şair uzun müddət Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilən B. Vahabzadə 1974-cü ildə “Əməkdar İncəsənət xadimi” fəxri adı almışdır. O, bir neçə dəfə Azərbaycan Ali Sovetinə, müstəqillik illərində isə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə şair 1984-cü ildə “Xalq şairi” fəxri adına layiq görülmüşdür.
B. Vahabzadənin ilk şeirlər kitabı “Mənim dostlarım” 1949-cü ildə, ikinci şeirlər kitabı “Bahar” isə 1950-ci ildə çap olunmuşdur. Bundan sonra o, ədəbi və elmi-ədəbi yaradıcılıqla müntəzəm məşğul olmuş, şairin bir-birinin ardınca “Əbədi heykəl” (1951), “Dostluq nəğməsi” (1953), “Çinar”, “Sadə adamlar” (1956), “Ceyran” (1957), “Aylı gecə” (1958), “Şəbi-hicran” (1959), “Etiraf, şəbi-hicran” (1962), “İnsan və zaman” (1964), “Bir ürəkdə dörd fəsil” (1966), “Köklər – budaqlar” (1968), “Dəniz – sahil” (1969), “Bir baharın qaranquşu” (1971), “Dan yeri” (1973), “Açılan səhərlərə salam” (1979), “Payız düşüncələri” (1981), “Özümlə söhbət” (1985), “Axı dünya fırlanır” (1987), “Lirika” (1990), “Yeni şeirlər” (1993) və s. şeirlər kitabları, “Xalq şairi S. Vurğun” (1956), “Sənətkar və zaman” (1976), “Vətən ocağının istisi” (1982) elmi-tənqidi və ədəbi-tənqidi kitabları nəşr edilmişdir. Bundan başqa, B. Vahabzadənin dünyanın müxtəlif dillərində şeirlər kitabları nəşr edilmiş, onun yaradıcılığı barədə məqalələr yazılmışdır.
Yaracılığı. Yaradıcılığı milli poetik fikrin ən böyük nailiyyətlərindən hesab olunan B. Vahabzadə şairliyə, söz sənətinə öz ürəyinin səsi ilə gəlmiş, bu yolun çətinliyi onu heç vaxt qorxutmamışdır. O, şairliyə həmişə müqəddəs bir sənət kimi səcdə etmiş, şairlik qabiliyyətini yüksək qiymətləndirmişdir.
Şair – fikirlərin çırpınan səsi,
Şair – həqiqətin müğənnisidir.
Şair – təbiətin danışan dili,
Şair – cəmiyyətin üsyan səsidir.
Şair – zəmanənin, əsrin vicdanı,
Şair – tarixlərin şərəfi, şanı.
Şair – bu dünyada zamanın sözü,
Şair – həqiqətin, haqqın güzgüsü.
Aşağıdakı misraları isə B. Vahabzadə yaradıcılığının epiqrafı hesab etmək olar:
Şairin bədəni bu ana torpaq,
Nəfəsi Xəzərdir, qanı Kür, Araz.
Çox şey vətənsiz də yaşayar, ancaq
Şairsə vətənsiz, elsiz yaşamaz!
Göründüyü kimi, şair şairliyi vətənsevərlikdən ayrı təsəvvür etmir.
Şairin şeirlərindən Azərbaycan torpağının ətri gəlir, doğma yurdun rahiyəsi duyulur. “Azərbaycan”, “Bakı”, “Göygöl”, “Vətən torpağı” şeirlərindəki səmimi hisslər oxucu qəlbini riqqətə gətirir.
B. Vahabzadənin şeirləri həm də oxucunu düşündürür: onu yaşamaq və yaratmaq fəlsəfəsi qarşısında düşüncələrə qərq edir. Buna görədir ki, B. Vahabzadə həm də filosof şairdir. Onun bu qəbildən olan söz sənəti nümunələri bəşəriyyət tarixinin sənət inciləridir.
Xalq şairi vətənpərvərlik mövzusundakı şeirlərində təkcə Ana vətənin deyil, bütün bəşəriyyətin dərdinə, qəminə şərik olmağa çalışır. Nəticədə, şair yaradıcılığında milliklə bəşərilik bir-birinə qovuşur, vəhdət təşkil edir. Bu vəhdət böyük bir ulusun – türk ulusunun nicatı kimi parlayır!
B. Vahabzadə yaradıcılığının məziyyətlərindən biri də insanları haqqı üçün, Haqq yolunda mübarizəyə səsləməsidir. Bütövlükdə, B. Vahabzadə lirikası ülvi məhəbbətin, vətənə sədaqətin, insanlar arasındakı dürüstlüyün təntənəsi olmaqla, həm də real həqiqətlərin tərənnümü kimi qiymətləndirilir. Məhz bu məziyyətlərinə görə şairin bir çox şeirlərinə musiqilər bəstələnmişdir.
Kökləri xalqın ürəyinə bağlanan B. Vahabzadənin söz sənəti xalqın qəlbinə asanlıqla da yol tapır. Necə deyərlər, ürəkdən gələn ürəyə məlhəm olar!
B. Vahabzadə sənətinin qəhramanı həm də bütöv Azərbaycandır. Onun üçün Azərbaycan bütövdür, vahiddir, ayrılmazdır! Xüsusilə Arazdan o taydakı Azərbaycanı Arazdan bu taydakı Azərbaycandan ayrı təsəvvür etmir. Ancaq tarixin ədalətsizliyi də onu sarsıdır, düşündürür, bəzən də bu haqsızlıqla barışmayaraq, onunla mübarizəyə başlayır:
Yarım o bu tayda qaldı,
Yarım o tayda qaldı.
Toyum burda çalındı,
Yarım o tayda qaldı.
Misralardan da göründüyü kimi, şair o tayımızı – Güney Azərbaycanımızı özünün yarı, sevgilisi kimi tərənnüm edir, biz oxuculara, Azərbaycan xalqına da sevgili yar kimi aşılayır.
B. Vahabzadə yaradıcılığı ilə müasir Azərbaycan ədəbiyyatına yeni bir nəfəs, yeni bir mövzu daxil oldu: vətəndaşlıq poeziyası. Vətəndaşlıq poeziyası dedikdə ümumxalq miqyaslı problemlər, xalqın taleyüklü məsələləri, vətənin tarixi keçmişi və bu günü ilə bağlı bir sıra həqiqətlər şairin yaşadığı dövrə, zəmanəyə etirazçı münasibəti, həmçinin həqiqi mənəvi dəyərlərin qiymətləndirilməsi nəzərdə tutulur. Sadalanan bu keyfiyyətlərin hər biri B. Vahabzadə yaradıcılığında həm təsvir, həm də böyük ustalıqla tərənnüm edilir.
B. Vahabzadənin həyat yolu heç də hamar olmamışdır. Bu da təbii idi. Azad ruhlu insanların aqibəti dolaylı, əzablı ömür yolu yaşamaqdır. Bəzən bu ömür yarım da qala bilir. B. Vahabzadənin azadlıq tərənnüm edən yaradıcılığı onun da ömrünü əzablı yollardan salmışdır. Belə ki, şair Səttar xan, Şeyx Məhəmməd Xiyabani və Pişəvərinin əziz xatirəsinə həsr olunmuş “Gülüstan” poemasında (1958) bir xalqın taleyindəki müdhiş fəlakətdən söz açır. Burada həm rus imperiyası, həm də İran şahlığı amansız tənqid hədəfi kimi görünür. Məhz bu poemanın yazılmasından sonra B. Vahabzadənin həyatında olduqca ağrılı günlər başlayır. Şair haqqında şər və böhtan xarakterli yazılar dərc edilir, onun ədəbi yaradıcılığı tənqid hədəfinə çevrilir. Şair bu haqsız hücumlardan sarsılsa da, məğlub olmur, əksinə, daha da mübarizləşir. Hətta ötən əsrin 60-cı illərində belə imperialist təfəkkürü qılınclayır, imperiya buxovlarına istehza edir. 1963-cü ildə Qırğısıtanın Rusiya tərkibinə daxil olması təntənə ilə qeyd edilərkən şair bu “bayrama” istehza edərək yazmışdır:
“Ağ günə” çıxıbdır...”
Buna bax, buna!
Sevinir, fəxr edir qul olmağına.
Bayrammı?!
Kül olsun gözünə, millət!
Zar-zar ağlayasan gərək sən bu gün,
Yüz il bundan əvvəl başın kəsildi,
Öldüyün günüdür bu gün, öldüyün!..
Ölür,
Qatilinə “pənahım” deyir,
Öldüyü gününü bayram eyləyir.
Bir il sonra isə Azərbaycanın Rusiya tərkibinə qatılmasının 150 illik (1804-cü ildən etibarən) “bayramı” keçirildi. Şair bu münasibətlə yazırdı:
Tapdamaq olarmı haqqı bu qədər?!
Yüz əlli ildir ki, soyurlar bizi.
Bu heç,
Bizə bayram elətdirirlər
Tarixdə ən böyük faciəmizi!
Bəxtiyar Vahabzadə elə şairlərdəndir ki, Vətənin, xalqın ən dar günündə, ən faciəli məqamlarında birinci olaraq etiraz səsini ucaldır, bəzən haqq səsi ilə xalqı ayağa qaldıra bilir. Bu isə hər şairə qismət olan səadət deyil...
Türk ulusunun, türk törəsinin böyük tərənnümçüsü olmuş Bəxtiyar Vahabzadə əbədiyyən Azərbaycan xalqının, türk millətinin qəlbində yaşayacaqdır. Necə deyərlər, şair xalqı, milləti ilə bəxtiyardır, xalqı, milləti də şairlə bəxtiyardır!
Bir millətik, iki dövlət,
Eyni arzu, eyni niyyət,
Hər ikisi Cümhuriyyət,
Azərbaycan-Türkiyə.
Bir ananın iki oğlu,
Bir ağacın iki qolu,
O da ulu, bu da ulu,
Azərbaycan-Türkiyə.
Ana yurdda yuva qurdum,
Ata yurda könül verdim,
Ana yurdum, ata yurdum –
Azərbaycan-Türkiyə.
Birdir bizim hər halımız,
Diləyimiz, amalımız,
Bayraqlarda hilalımız –
Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir,
Azərbaycan-Türkiyə!
Səyyar MƏMMƏDOV,
Naxçıvan MR Mədəniyyət Nazirliyi
Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru