Naxçıvanda Ümummilli Liderin xatirəsinə möhtəşəm konsert keçiriləcək

Naxçıvanda Ümummilli Liderin xatirəsinə möhtəşəm konsert keçiriləcək

08 May 2026

Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Naxçıvan şəhərində silsilə tədbirlər keçiriləcək.

“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, tədbirlər çərçivəsində mayın 10-da saat 19:00-da Naxçıvan şəhərində yerləşən Saat Meydanı Turistik İstirahət Mərkəzi ərazisində möhtəşəm açıq hava konsert proqramı təşkil olunacaq.

Konsertdə Naxçıvan Dövlət Filarmoniyasının solistləri ilə yanaşı, Azərbaycanın tanınmış incəsənət nümayəndələri də çıxış edəcəklər. Gecədə Xalq artistləri Samir Cəfərov və Gülyaz Məmmədova, Əməkdar artist Nuriyyə Hüseynova, IV Televiziya Muğam Müsabiqəsinin qalibi Sərxan Bünyadzadə, eləcə də sevilən ifaçı Şəmistan Əlizamanlı zəngin repertuarları ilə tamaşaçılar qarşısında çıxış edəcəklər.

Bildirilib ki, proqramda milli-mənəvi dəyərlərimizi əks etdirən muğam, xalq musiqisi və müasir bəstəkar əsərləri səsləndiriləcək. Müasir səhnə quruluşu, işıq və səs effektləri ilə müşayiət olunacaq konsertin şəhər sakinləri və qonaqlarına unudulmaz musiqi axşamı yaşadacağı gözlənilir.

Qeyd edək ki, tədbir Ümummilli Liderin əziz xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, şəhərdə bayram əhval-ruhiyyəsinin daha da yüksəlməsinə töhfə verəcək.