Rəfail Quliyev: "Naxçıvanda kənd təsərrüfatına fərqli və daha innovativ yanaşma olmalıdır"
Naxçıvanın torpaq-iqlim şəraiti, su ehtiyatlarının və infrastrukturun məhdudluğu, coğrafi xüsusiyyətləri burada kənd təsərrüfatına fərqli və daha innovativ yanaşma tələb edir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rəfail Quliyev bu gün Bakıda keçirilən "Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların II Beynəlxalq Forumu"nda bildirib.
Onun sözlərinə görə, bölgənin spesifik coğrafi və iqlim xüsusiyyətləri aqrar sahədə yeni yanaşmaların tətbiqini zəruri edir: "Məhz bu səbəbdən müasir suvarma texnologiyalarının tətbiqi, intensiv bağçılığın və istixana təsərrüfatlarının inkişafı, yerli toxumçuluğun gücləndirilməsi prioritet istiqamətlər kimi müəyyən edilib".
Nazir həmçinin muxtar respublikada məhsul istehsalı üçün geniş imkanların mövcudluğunu qeyd edib: "Bununla yanaşı, Naxçıvanda orqanik və ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində də əlverişli şərait var. Bu, həm daxili bazarın keyfiyyətli məhsullarla təmin olunmasına, həm də ixrac potensialının genişləndirilməsinə xidmət edən əsas şərtlərdən biridir".








