Babək şəhərində “Heydər Əliyev və Azərbaycan Gəncliyi” adlı tədbir keçirilib - FOTO
Mayın 8-də Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan Gəncliyi” adlı tədbir təşkil olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov və Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Babək Rayon Mədəniyyət Sarayında reallaşan tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı Ovni Muradov Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz xidmətlərdən danışıb. Bildirib ki, dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz hərtərəfli inkişaf mərhələsini yaşayır. Qeyd olunub ki, Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, sosial-iqtisadi sabitliyin möhkəmlənməsinə və milli həmrəyliyin güclənməsinə mühüm töhfə verib. Bu gün Azərbaycan gəncləri də məhz Ulu Öndərin ideyaları əsasında formalaşaraq ölkənin gələcəyinin qurulmasında fəal iştirak edirlər.
Nazir müavini Məcid Seyidov çıxışında bildirib ki, Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Heydər Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərib, onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində mühüm addımlar atıb. Bildirilib ki, Ulu Öndərdən miras qalan milli-mənəvi dəyərlər, azərbaycançılıq məfkurəsi bu gün də gənc nəslə aşılanır, onun dövlətçilik ideyaları yaşadılır və gələcək nəsillərə ötürülür. Qeyd olunub ki, dövlət gənclər siyasəti bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Dövlət tərəfindən atılan addımlar gənclərin hərtəfli inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir və bu sahədəki effektivlik yüksək səviyyədə təmin olunur.
Fəal gənc Fidan Məmmədova çıxışında Heydər Əliyevin Azərbaycan gəncliyi üçün hər zaman mayak rolunu oynadığını vurğulayaraq dahi şəxsiyyətin gənclərə göstərdiyi qayğıdan bəhs edib, xatirəsinin gənclər üçün daim əziz tutulduğunu diqqətə çatdırıb.
Tədbir Babək Rayon Mədəniyyət Sarayının kollektivi tərəfindən təqdim olunan konsert proqramı ilə yekunlaşıb.















