Şahbuzda gənclik festivalı keçirilib - FOTO
Mayın 7-də Şahbuz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Gənclik Festivalı – Şahbuz 2026” adlı festival keçirilib.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, tədbir başlamazdan öncə Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov və Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək ehtiramlarını ifadə ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı Rəfael Babayev bildirib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursu bu gün uğurla davam etdirilir, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılır. O, Şahbuz gənclərinin də elm, təhsil, idman və ictimai fəaliyyət sahələrində fəallıqları ilə seçildiyini vurğulayaraq, belə tədbirlərin gənclərin asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq imkanlarının üzə çıxarılması və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Nazir müavini Məcid Seyidov çıxışında bildirib ki, Azərbaycan xalqının taleyində müstəsna rol oynayan ümummilli lider Heydər Əliyev həyatının bütün mərhələlərində gənclərə xüsusi diqqət və qayğı göstərib, onları dövlətin və cəmiyyətin aparıcı qüvvəsi kimi dəyərləndirib. Qeyd olunub ki, məhz dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə dövlət gənclər siyasətinin möhkəm təməli formalaşdırılıb, gənclərin təhsili, məşğulluğu, ictimai fəallığı və vətənpərvərlik ruhunda yetişməsi istiqamətində mühüm addımlar atılıb.
Çıxışlarda vurğulanıb ki, dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla icra edilir. Ölkədə gənclərin hərtərəfli inkişafı, onların təhsil, elm, idman və ictimai fəaliyyət sahələrində fəal iştirakı üçün geniş imkanlar yaradılır, gənclərin təşəbbüsləri hərtərəfli dəstəklənir.
Festivalda fəal gənc Günel Tarverdiyeva da çıxış edərək gənclər üçün yaradılan imkanlara görə minnətdarlığını bildirib.
Çıxışlardan sonra rəsmilər festival ərazisindəki zonalara baxış keçiriblər. Festival çərçivəsində müxtəlif sərgi və təqdimatlar təşkil olunub, gənclərin əl işləri nümayiş etdirilib. Həmçinin hərbi-vətənpərvərlik, idman və intellektual oyun zonaları iştirakçıların böyük marağına səbəb olub. Könüllülərin musiqili fləşmobu tədbirə xüsusi rəng qatıb. İncəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Mədəniyyət, Təhsil nazirlikləri və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalın məqsədi gənclərin hərtərəfli inkişafını dəstəkləmək, onların ictimai fəallığını artırmaq, yaradıcılıq potensialını üzə çıxarmaq, sağlam həyat tərzini və milli-mənəvi dəyərləri təbliğ etmək olub.



















