Məcid Seyidov İstanbulda keçirilən karate turnirinin mükafatçıları ilə görüşüb - FOTO
Naxçıvan Muxtar Respublikasında dövlət idman siyasətinin icrası istiqamətində məqsədyönlü və ardıcıl işlər görülür. Məşqçi, hakim və idmançıların peşəkar inkişafı, maddi-texniki imkanların artırılması, sağlam həyat tərzinə təşviq, kütləvilik və digər vacib məqamlar diqqətdə saxlanılır. İdman bölmələri və ya klublar ziyarət olunur, qanunvericilik çərçivəsində dəstək mexanizmləri həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, mayın 5-də Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrini icra edən, nazir müavini Məcid Seyidov “Qapıçıq” karete-do idman klubunu ziyarət edərək idmançılarla görüşüb, onların məşq prosesini izləyib və əldə olunan nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.
Görüş zamanı Azərbaycan Karate Federasiyasının Naxçıvan üzrə nümayəndəsi, Əməkdar məşqçi Nəriman Quliyev rəhbəri olduğu “Qapıçıq” klubunun fəaliyyəti və qazanılan uğurlar barədə məlumat verib. Qeyd olunub ki, 2016-cı ildən fəaliyyətdə olan klubda 11 bölmədə məşqlər keçirilir. 10 məşqçinin rəhbərliyi ilə ümumilikdə 200-dən çox uşaq, yeniyetmə və gənc karate idmanı ilə məşğul olur. Ötən dövrdə klub idmançıları ölkə və beynəlxalq səviyyəli turnirlərdə, Avropa və dünya çempionatlarında yüksək nəticələr əldə ediblər. Son olaraq Türkiyənin İstanbul şəhərində keçirilən Şotokan karate üslubu üzrə dünya səviyyəli turnirdə Xədicə Bayramova 1 qızıl, Qafar Hüseynov 2 gümüş, Yusif Həsənli 1 gümüş və bürünc, Nizami Orucov isə 1 gümüş medal qazanmağa müvəffəq olublar.
Məcid Seyidov məşqçi və idmançıları təbrik edərək onlara gələcək yarışlarda uğurlar arzulayıb, qazanılan uğurları dövlətimizin idmana olan yüksək qayğısının təzahürü kimi qiymətləndirib.
Sonda xatirə fotosu çəkdirilib.












