Naxçıvanda yeni idman obyekti fəaliyyətə başlayıb - FOTO
Naxçıvan şəhərində idman infrastrukturunun genişləndirilməsi və gənclərin sağlam həyat tərzinə təşviqi baxımından əhəmiyyətli yenilik baş verib. Şəhərdə özəl investisiya hesabına “Levent Bulut Fight Club Academy” adlı yeni idman mərkəzinin açılışı olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, açılış tədbirində Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, Türkiyədən dəvət olunmuş tanınmış məşqçilər və digər qonaqlar iştirak ediblər. Çıxışlarda belə təşəbbüslərin gənclərin idmana marağının artırılması, onların fiziki hazırlığının yüksəldilməsi və regionda idmanın inkişafı baxımından əhəmiyyəti vurğulanıb, akademiyaya uğurlar arzulanıb.
Qeyd edək ki, “Əyləncə Adası”nın ərazisində yerləşən idman mərkəzi kiçikölçülü rinq, trenajor avadanlıqları və zəruri idman inventarları ilə təchiz edilib. Burada kikboksinq, boks, karate, uşu sanda, muay tay, sambo və ciu-citsu üzrə məşğələlərin keçilməsi, eyni zamanda fitness və pilates xidmətlərinin göstərilməsi nəzərdə tutulub.











