Şahmat üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Şahmat üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub - FOTO

09 Oktyabr 2026

Naxçıvan Şahmat Mərkəzində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş məktəblilər arasında şahmat üzrə muxtar respublika birinciliyi keçirilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşan yarışda 67 məktəbli mükafatlar uğrunda mübarizə aparıb.

İsveçrə sistemi üzrə 7 turdan ibarət birincilikdə oğlanlar və qızlar kateqoriyaları üzrə mükafatçılar müəyyənləşib. 

İlk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub. Mükafatlari gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov təqdim edib.

Nəticələrə əsasən Yusif Qənbərov oğlanlar arasında, Nigar Qənbərli isə qızlar arasında muxtar respublika birincisi olublar. Aylin Quliyeva və Fərəməz Quliyev ikinci, Ayla Cəfərli ilə Raiq Qasımlı isə üçüncü yerə sahib çıxıblar.