“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi keçirilir

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi keçirilir

05 Oktyabr 2026

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” adlı rəqəmsal dizayn müsabiqəsinə start verilir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, müsabiqənin məqsədi gənclərin şəhərsalma və memarlığa marağının artırılması, yaradıcı təşəbbüslərinin dəstəklənməsi, süni intellekt və müasir rəqəmsal texnologiyalardan yaradıcı məqsədlərlə istifadənin təşviq edilməsidir. Müsabiqə çərçivəsində gənclərin Naxçıvanın gələcək şəhərsalma və memarlıq simasına dair yaradıcı baxışlarının təqdim olunması nəzərdə tutulur.

18–35 yaş arası gənclərin iştirak edə biləcəyi müsabiqədə hər iştirakçı ən çox iki əsər təqdim edə bilər. Əsərlər süni intellekt və rəqəmsal dizayn vasitələrindən istifadə edilməklə, A4 ölçüsündə (2480 × 3508 piksel), JPEG və ya PNG formatında hazırlanmalıdır.

Əsərlərin qəbulu 29 oktyabr  2026-cı il saat 18:00-dək davam edəcək. İştirakçılar əsərlərini ad, soyad təvəllüd, əlaqə nömrəsi və istifadə etdiyi süni intellekt aləti barədə məlumatlarla birgə  office@nmys.gov.az elektron poçt ünvanına göndərməlidirlər.

Müsabiqənin nəticələri şəhərsalma və memarlıq, rəqəmsal dizayn və digər müvafiq sahələr üzrə mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Qiymətləndirmədə ideyanın orijinallığı, yaradıcı yanaşma, estetik görünüş, müasir şəhərsalma prinsiplərinə uyğunluq, milli memarlıq elementlərindən istifadə, Naxçıvanın təbii-coğrafi xüsusiyyətlərinin nəzərə alınması və süni intellekt imkanlarından yaradıcı istifadə əsas meyarlar olacaq.

Təqdim olunan əsərlər noyabr ayının ilk həftəsində Nazirliyin inzibati binasının qarşısında təşkil olunacaq açıq hava sərgisində nümayiş etdiriləcək. Müsabiqədə I, II, III yerlər və 3 həvəsləndirici yer müəyyən ediləcək. Fərqlənən işkirakçılara diplom, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunacaq.