“Səyyar Gənclər Evi”nin növbəti ünvanı Kolanı kəndi olub -

“Səyyar Gənclər Evi”nin növbəti ünvanı Kolanı kəndi olub - FOTO

19 Noyabr 2026

Gənclərin asudə vaxtının səmərəli təşkili, dünyagörüşünün genişləndirilməsi və şəxsi inkişafının dəstəklənməsi məqsədi daşıyan “Səyyar Gənclər Evi” layihəsi çərçivəsində növbəti tədbirlər Şahbuz rayonu Kolanı kənd məktəbində təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, tədbirdə layihənin məqsəd və əhəmiyyətindən bəhs edilərək bildirilib ki, “Səyyar Gənclər Evi” ucqar kənd və yaşayış məntəqələrində yaşayan gənclərin müxtəlif maarifləndirici, intellektual və mədəni tədbirlərə çıxış imkanlarının genişləndirilməsinə xidmət edir. Layihənin əsas məqsədi gənclərin bilik və bacarıqlarının inkişafına dəstək olmaq, onların ictimai fəallığını artırmaq, yaradıcı potensialını üzə çıxarmaq, eləcə də asudə vaxtlarını səmərəli və maraqlı təşkil etməkdir.

Layihənin proqramına uyğun olaraq gənclər üçün motivasiya təlimi, “Azərbaycanı tanı!!” və “Nə? Harada? Nə zaman?” intellektual oyunları, həmçinin əyləncəli idman yarışmaları təşkil olunub. Bununla yanaşı, Kolanı Musiqi Məktəbinin təqdimatında konsert proqramı nümayiş etdirilib. Məktəbin şagirdlərinin ifasında səsləndirilən musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Müxtəlif fəaliyyətlərdə fəallıq göstərən və fərqlənən gənclər mükafatlandırılıblar.