Narkomaniya xəstəliyi cinayət məsuliyyətindən azad edilməyə əsas verirmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cinayət qanunvericiliyinə əsasən şəxsin narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi mümkündürmü, əgər mümkündürsə kimlərə və hansı əsaslarla tətbiq olunur?
Cavab: Mümkündür və bu hal yalnız CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl üzrə təqsirli bilinən şəxslərə aid edilir. Belə ki, CM-in 11-ci fəslində səmimi peşmanlıqla bağlı, zərərçəkmiş şəxslə barışmaqla bağlı, şəraitin dəyişməsi ilə bağlı, müddətin keçməsi ilə bağlı, mülkiyyət əleyhinə olan cinayətlərə görə və iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə ilə yanaşı həmçinin də narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə nəzərdə tutulmuşdur. CM-in 74-1.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir. CM-in 74-1.2-ci maddəsinə əsasən narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmış şəxs həmin tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin müdiriyyətinin məlumatı əsasında cinayət məsuliyyətinə cəlb etmə müddət keçməmişdirsə, cinayət məsuliyyətinə cəlb edilir. 74-1-ci maddədə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən şəxs yalnız bir dəfə azad edilir.
Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı.








