Naxçıvanda 12 saylı uşaq bağçasında maarifləndirici məşğələ keçirilib - FOTO
“Uşaq Hüquqları Aylığı” çərçivəsində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə Naxçıvan şəhər 12 saylı uşaq bağçasında maarifləndirici məşğələ təşkil olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, məşğələnin məqsədi uşaqlara hüquqları, təhlükəsiz mühitdə yaşamaq hüququ və fövqəladə hallar zamanı düzgün davranış qaydaları barədə ilkin biliklər aşılamaq olub.
Tədbir zamanı uşaqlara yanğın, zəlzələ, sel və daşqın, güclü külək kimi fövqəladə hallar haqqında məlumat verilib, belə vəziyyətlərdə təhlükəsiz əraziyə keçmək, sakitliyi qorumaq və böyüklərdən kömək istəmək qaydaları izah olunub.
İnteraktiv sual-cavablarla davam edən məşğələdə xilasedicilərin, yanğınsöndürənlərin və tibb işçilərinin fəaliyyəti haqqında da məlumat verilib.
Daha sonra keçirilən idman dəqiqəsində uşaqlar maneələri dəf edərək öyrəndikləri təhlükəsizlik qaydalarını praktiki şəkildə tətbiq ediblər.
Məşğələ uşaqların hazırladığı musiqili kompozisiyanın təqdimatı ilə başa çatıb.











