"Bum" sərhəd komendantlığı xidməti istifadəyə verilib
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Şəki" sərhəd dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan "Bum" sərhəd komendantlığı şəxsi heyətin istifadəsinə verilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə DSX-dan məlumat verilib.
Bildirilib ki, tədbirdə çıxış zamanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunmasına, sərhəd infrastrukturunun müasirləşdirilməsinə göstərdiyi xüsusi diqqət və qayğını vurğulayan DSX-nın rəisi general-polkovnik Elçin Quliyev bu istiqamətdə həyata keçirilən tədbirlərin ardıcıl və sistemli xarakter daşıdığını bildirib.
Qeyd olunub ki, Azərbaycanın sərhəd təhlükəsizliyinin daha da gücləndirilməsi, sərhəd mühafizəsinin müasir çağırışlara uyğun təşkili, hərbi hissə və bölmələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Müasir sərhəd infrastrukturunun formalaşdırılması sərhəd mühafizəsinin keyfiyyətinin yüksəldilməsinə, bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılmasına və qarşıya qoyulan tapşırıqların daha çevik icrasına xidmət edir.
"Bum" sərhəd komendantlığının istifadəyə verilməsi "Şəki" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsinin daha səmərəli təşkil olunması, xidməti vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi və bölmələrin fəaliyyətinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Mərasimdən sonra DSX-nın rəisi sərhəd komendantlığının inzibati binasına baxış keçirib, burada yaradılmış şəraitlə tanış olub, şəxsi heyətlə birgə nahar edib.








