Naxçıvan Tibb Kollecində kiber təhlükəsizlik mövzusunda tədbir keçirilib -

Naxçıvan Tibb Kollecində kiber təhlükəsizlik mövzusunda tədbir keçirilib - FOTO

19 Noyabr 2026

Naxçıvan Tibb Kollecində Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və kollecin birgə təşkilatçılığı ilə “Kiberhücumlara qarşı mübarizə və təhlükəsizlik tədbirləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə kollecin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Səidə Şahverdiyeva giriş sözü ilə çıxış edərək mövzunun aktuallığı və əhəmiyyətindən danışıb.

Daha sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Araz Əhmədli və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Ceyhun İbrahimov mövzu ilə bağlı çıxış ediblər.

Çıxışlarda kiberhücumların şəxslər, biznes subyektləri və təşkilatlar üçün yaratdığı təhlükələr, həssas məlumatların oğurlanması və məhv edilməsi, informasiya sistemlərinin fəaliyyətinin pozulması kimi risklər diqqətə çatdırılıb. Həmçinin kiberhücumların növləri, bu təhdidlərdən qorunma yolları və qabaqlayıcı təhlükəsizlik tədbirləri barədə məlumat verilib.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən hazırlanmış mövzuya dair videoçarx nümayiş etdirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.