Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
Azərbaycan karateçiləri oktyabrın 3-4-də Latviyada və Rusiyada keçirilmiş fullkontakt şinkyokuşin yarışlarında bir gümüş və iki bürünc medal əldə ediblər.
Karate Federasiyasından "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, fullkontakt şinkyokuşin karate üslubu üzrə milli komanda Latviyanın Riqa şəhərində təşkil olunan Avropa çempionatında iki mükafata sahib olub. U-21 yaş kateqoriyasında Zamin Fərəcov (75 kiloqram) ikinci yeri tutaraq gümüş medal qazanıb. Məhərrəm Əhmədov (65 kiloqram) isə bürünc medala layiq görülüb.
Həmin tarixlərdə Rusiyanın Novosibirsk şəhərində keçirilən "34-cü Andrey Yakutov Memorialı”nda Azərbaycanı təmsil edən Emin İsmayıllı da mükafatçılar sırasında yer alıb. İdmançı 75 kiloqram çəki dərəcəsində üçüncü yeri tutaraq bürünc medal qazanıb.








