Ceyhun Bayramov Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Ceyhun Bayramov Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

05 Oktyabr 2026

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, görüş zamanı ölkənin bu il təşkilata üzvlüyündən sonra Azərbaycan ilə Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də rəqəmsal transformasiya, innovasiya, süni intellekt və rəqəmsal iqtisadiyyat, startap ekosistem sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub.

C. Bayramov Azərbaycanın rəqəmsal inkişafı, innovasiya və yeni texnologiyaların tətbiqini ölkənin iqtisadi inkişafının və beynəlxalq əməkdaşlığının mühüm istiqamətlərindən biri kimi müəyyən etdiyini qeyd edib. Bu çərçivədə, Azərbaycanın rəqəmsal iqtisadiyyatın inkişafı, rəqəmsal infrastrukturun təkmilləşdirilməsi və innovativ həllərin, habelə süni intellektin tətbiqi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib.

Görüşdə Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsi və enerji resurslarının etibarlı, şaxələndirilmiş marşrutlar üzrə nəqlinin təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələr barədə də fikir mübadiləsi aparılıb. Azərbaycanın regional və beynəlxalq enerji əməkdaşlığında fəal rol oynadığı, enerji infrastrukturu və nəqli marşrutlarının inkişafının ölkələr arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb. Bu çərçivədə, qabaqcıl rəqəmsal texnologiyalardan da istifadə barədə geniş məlumat verilib.

Həmçinin Azərbaycanın regionda nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına, beynəlxalq nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılmasına, tranzit imkanlarının genişləndirilməsinə verdiyi töhfələr qeyd olunub. Bu istiqamətdə rəqəmsal texnologiyaların tətbiqinin, logistika proseslərinin optimallaşdırılmasının əhəmiyyəti vurğulanıb.

DCO Baş katibi Dima Əl-Yahya təşkilatın fəaliyyəti barədə geniş məlumat təqdim edib, Azərbaycanın rəqəmsal inkişaf sahəsində əldə etdiyi nailiyyətləri qeyd edib, Təşkilatın Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən beynəlxalq və regional gündəliyin aktual mövzuları barədə fikir mübadiləsi aparıblar.