Dövlət başçısının yeni Fərmanı ilə övladlığagötürmə proseduru sadələşdirilib
Prezident İlham Əliyevin yeni Fərmanı ilə "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"nda dəyişikliklər edilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dəyişikliklər övladlığa götürmə prosesinin sürətləndirilməsi yolu ilə uşaqların institusional mühitdə qalma müddətinin azaldılması və onların ailə mühitinə daha qısa müddətdə inteqrasiyasının təmin edilməsinə xidmət edir.
Fərmana əsasən, valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla müəssisədə görüş müddəti yarıya endirilərək 2 ay ərzində ayda azı 40 saat deyil, 1 ay müddətində azı 20 saat olmaqla təşkil ediləcək.
Bu müddət valideyn himayəsindən məhrum olmuş 3 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında 10 gün müddətində 6 saatadək qısaldıla bilər.
Habelə, dəyişikliyə əsasən müəssisədə görüşün sosial işçilər tərəfindən 8 saat müşahidə edilməsi də differensiallaşdırılaraq, 3 yaşadək uşaqlara münasibətdə bütün müddət ərzində, 3 yaşdan yuxarı uşaqlara münasibətdə isə 10 saatdan az olmayaraq müşahidə müddəti müəyyən edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 5-də "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"nda dəyişiklik haqqında Fərman imzalayıb.








