
Kamal Ələkbərov: Naxçıvan mediası yeni inkişaf mərhələsindədir
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov “Naxçıvanxəbərləri” informasiya portalının 10 illik yubileyi münasibətilə kollektivimizə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda qeyd olunub ki, “Naxçıvanxəbərləri”informasiya portalı fəaliyyət göstərdiyi 10 il ərzində böyük inkişaf yolu keçib, müasir cəmiyyət quruculuğu prosesində fəal iştirakçıya çevrilib, dövrün çağırışlarını nəzərə alaraq dövlətin maraqlarını daim üstün tutub.
Kamal Ələkbərov vurğulayıb ki, agentliyin kollektivi Azərbaycanın güclü və söz sahibi dövlət kimi dünya düzənində mövqeyini qoruyub saxlaması üçün jurnalistikanın üzərinə düşən böyük məsuliyyətin fərqində olub və bu yolda uğurla fəaliyyət göstərib.
İcra başçısı müstəqil Azərbaycan mediasının keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq bildirib ki, vaxtilə müəyyən dairələrin təzyiq və təqiblərinə məruz qalan mətbuatı bu çətin vəziyyətdən Ümummilli Lider Heydər Əliyev xilas edib. Ulu Öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra onun siyasi iradəsi və səyləri nəticəsində söz və mətbuat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırılıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası beynəlxalq standartlara uyğunlaşdırılıb.
Dahi şəxsiyyətin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin mətbuata daim dost münasibət bəslədiyi qeyd olunaraq, bu münasibətin milli mətbuatı və jurnalistləri ümummilli maraqlar ətrafında birləşməyə, xalqın mənafeyinə xidmət etməyə ruhlandırdığı bildirilib.
Dövlət başçısının “Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamını xatırladan Kamal Ələkbərov qeyd edib ki, Prezidentin bu sənəddə Vətən müharibəsi dövründə mediamızın göstərdiyi vətənpərvərlik nümunələrini, düşmən qüvvələrin yaydığı yalan məlumatların ifşasında oynadığı rolu, ordumuzun qəhrəmanlığını əks etdirən salnamənin yaradılmasını xüsusi vurğulaması jurnalistikamıza verilən dəyərin bariz nümunəsidir.
Sərəncama əsasən Naxçıvanda keçirilmiş “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “MEDİAFEST-2025” tədbirinin də bu baxımdan mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
“Bu gün Naxçıvan mediası yeni inkişaf mərhələsindədir. Muxtar respublikanın kütləvi informasiya vasitələrində onlarla jurnalist fəaliyyət göstərir və onların arasında “Naxçıvanxəbərləri” informasiya agentliyinin kollektivi də öz peşəkarlıqları ilə seçilir”, – deyə Kamal Ələkbərov bildirib.
O, qeyd edib ki, jurnalistika – doğrunu, həqiqəti əks etdirmək və onu cəmiyyətin üzvlərinə olduğu kimi çatdırmaq sənətidir və bu missiyanı uğurla yerinə yetirənlərin əməyi daim yüksək qiymətləndirilib.
İcra başçısı sonda əminliklə bildirib ki, “Naxçıvanxəbərləri” informasiya agentliyi yeni dövrün tələblərinə uyğun şəkildə fəaliyyətini davam etdirəcək, xalqımızın və dövlətimizin tərəqqisinə xidmət edən geniş perspektivlərə hədəflənmiş inkişaf mərhələsində də seçilən media qurumlarından biri olacaq.