
Həsrətdən zəfərə, zəfərdən quruculuğa gedən yol - Kəlbəcər
Kəlbəcər Azərbaycanın ən qədim və zəngin tarixə malik bölgələrindən biridir. Bölgə zəngin tarixi mədəniyyət abidələri, təbii-coğrafi mövqeyi, strateji əhəmiyyəti ilə seçilir. Kəlbəcər Azərbaycanın ən qədim və zəngin tarixə malik bölgələrindən biridir. Zəngin tarixi-mədəni abidələri, təbii-coğrafi mövqeyi və strateji əhəmiyyəti ilə seçilən bu torpaq minilliklər boyu insan məskəni olmuş, qayalıqlarında, mağaralarında və abidələrində ulu babalarımızın izlərini bu günədək qoruyub saxlamışdır. Qədim qalalar, türbələr və məbədlər Kəlbəcərin zəngin mədəni irsinin canlı şahidləridir.
Sovet dövründə Ermənistan rəhbərliyi dəfələrlə Kəlbəcəri öz ərazilərinə qatmaq üçün cəhdlər göstərmişdi. Onlar guya bu ərazinin “coğrafi baxımdan Ermənistanla daha bağlı” olduğunu əsas gətirərək SSRİ rəhbərliyinə müraciətlər edirdilər. Həmin dövrlərdə Azərbaycan rəhbərliyinin zəifliyi səbəbindən bu iddialara ciddi müqavimət göstərilmirdi. Lakin 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə bu planların üstündən birdəfəlik xətt çəkildi. Heydər Əliyev təkcə ermənilərin iddialarını rədd etmədi, həm də Azərbaycan SSR-də iqtisadi inkişafı gücləndirərək separatizmin qarşısında balans yaratdı. Tarixçilərin də qeyd etdiyi kimi, əgər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəlməsəydi, Kəlbəcər və digər sərhəd bölgələrinin taleyi tamam başqa ola bilərdi.
1993-cü il aprelin 2-də erməni silahlı qüvvələri Kəlbəcəri işğal etdi. İşğal nəticəsində rayon sükuta qərq edildi, kəndlər viran qaldı, tarixi abidələr dağıdıldı, məzar daşları təhqir olundu, rayonun milyardlarla dəyərində sərvəti Ermənistana daşındı. Həm təbii sərvətlərinin istismarı, həm də strateji mövqeyi baxımından Kəlbəcərin işğalı Ermənistan üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki o zaman Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla sərhədi yox idi. Laçın və Kəlbəcərin işğalından sonra Ermənistan bu ərazilərlə əlaqə yaradaraq silah, texnika və canlı qüvvə daşınmasını təmin etdi, bu isə işğal siyasətinin genişlənməsinə şərait yaratdı.
2020-ci ildə Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində düşməni məğlub edərək tarixi ədaləti bərpa etdi. Bu savaş yalnız torpaqların deyil, həm də xalqın qürurunun və ədalətinin qayıdışı idi. Kəlbəcər də həmin Zəfər salnaməsinin şanlı səhifələrindən birinə çevrildi. Müharibənin ilk günlərində ordumuz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri ələ keçirərək düşmənin hərəkətlərini məhdudlaşdırdı. Nəticədə ermənilər Basarkeçər–Kəlbəcər yolundan istifadə edə bilmədilər və onların hərbi hərəkətləri iflic vəziyyətinə düşdü. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Kəlbəcər noyabrın 25-də Azərbaycana qaytarıldı. Əslində, Bəyanata görə, rayon noyabrın 15-də təhvil verilməli idi. Lakin Ermənistanın müraciəti və Rusiyanın xahişi ilə Azərbaycana qarşı beynəlxalq hüquqa zidd şəkildə Kəlbəcərdə qanunsuz yerləşdirilmiş erməni sakinlərin çıxarılması üçün on gün əlavə möhlət verildi.
Bu gün isə Kəlbəcərdə həyat yenidən canlanır. İşğaldan azad olunmuş dağlar, dərələr, kəndlər yeni nəfəs alır. Abadlıq işləri aparılır, yollar çəkilir, körpülər salınır, məktəblər, xəstəxanalar, yaşayış evləri inşa olunur. Prezident İlham Əliyevin quruculuq siyasəti nəticəsində Kəlbəcər yalnız azad olunmuş torpaq deyil, həm də dirçələn bir diyara çevrilib. Burada görülən genişmiqyaslı abadlıq işləri bölgəni tarixi və mədəni dəyərlərinə yaraşan səviyyəyə yüksəldir.
Kəlbəcər artıq yalnız xatirələrin deyil, ümidlərin, dirçəlişin və gələcəyə inamın simvoluna çevrilib. Hər ev, hər yol, hər məktəb Prezident İlham Əliyevin “Bizim işimiz quruculuq, abadlıq işidir” sözlərinin canlı təcəssümüdür. Dövlət başçısının Kəlbəcərə səfərlərində açılışını etdiyi “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyaları, şəhərdə yeni yaşayış komplekslərinin təməli, sakinlərə mənzillərin təqdim edilməsi, “Balland-Kəlbəcər balı” mağazasının açılışı və şəhər parkının salınması bu siyasətin bariz nümunələrindəndir.
Kəlbəcər bu gün yeni həyat qazanır, dirçəlir və xalqımızın səbrinin, mübarizliyinin, həm də quruculuq iradəsinin təntənəsinə çevrilir.
Asəf ORUCOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı