Naxçıvan dəmir yolu layihəsi: iqtisadi dirçəlişin yeni mərhələsi -

Naxçıvan dəmir yolu layihəsi: iqtisadi dirçəlişin yeni mərhələsi - ŞƏRH

21 Avqust 2025

Prezident İlham Əliyevin Kəlbəcərdə səsləndirdiyi “Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik” bəyanatı sadəcə bir infrastruktur layihəsi deyil, həm də ölkənin regional strategiyasını, iqtisadi gələcəyini müəyyənləşdirən tarixi mesaj kimi qiymətləndirilməlidir.

Naxçıvan Muxtar Respublikası uzun illər blokada şəraitində yaşadığından logistik imkanları məhdud idi. Malların daşınması əsasən hava və avtomobil yolu ilə həyata keçirilirdi ki, bu da həm zaman, həm də maliyyət baxımından çətinliklər yaradırdı.

Müasir dəmir yolu şəbəkəsinin qurulması ilə:

1. Naxçıvanın iqtisadi izolyasiyası aradan qalxacaq,

2. Muxtar Respublika Azərbaycanın əsas iqtisadi məkanına daha sıx inteqrasiya olunacaq,

3. İstehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının ixrac imkanları genişlənəcək.

Beləliklə, Naxçıvan təkcə daxili bazarda deyil, regional bazarlarda da öz yerini möhkəmləndirəcək.

Hazırda inşası davam edən Zəngilan istiqamətli dəmir yolu Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək. Bu bir tərəfdən Naxçıvanın ərzaq və enerji təminatını asanlaşdıracaq, digər tərəfdən isə ölkənin tranzit-logistika imkanlarını gücləndirəcək.

Prezidentin açıqlamasında diqqətçəkən mühüm məqam Ermənistanın da dəmir yolu tikintisi üzrə öhdəlik götürməsidir. Belə olarsa Ermənistan da iqtisadi izolyasiyadan çıxacaq.

Azərbaycan isə regiondakı iqtisadi təsir gücünü daha da artıracaq.

Dəmir yolunun müasirləşdirilməsi qısamüddətli dövrdə böyük dövlət sərmayəsi tələb edir. Lakin orta və uzunmüddətli perspektivdə layihə:

logistik xərcləri əhəmiyyətli dərəcədə azaldacaq,

ticarət dövriyyəsini artıracaq,

tranzit rüsumlarından əlavə gəlir gətirəcək,

Naxçıvanda və digər bölgələrdə yeni iş yerlərinin açılmasına səbəb olacaq. Xüsusilə kənd təsərrüfatı və sənaye məhsullarının ixracı üçün Naxçıvan daha əlverişli mövqeyə sahib olacaq.

Ekspertlər isə bildirir ki, Naxçıvanın illərlə davam edən blokada vəziyyətindən çıxması təkcə bölgə üçün deyil, bütün Azərbaycan iqtisadiyyatı üçün böyük qazancdır. Müasir dəmir yolu Muxtar Respublikasını ölkənin istehsal və ixrac zəncirinə inteqrasiya edəcək. Bu, xüsusilə ərzaq təhlükəsizliyi və logistik xərclərin azaldılması baxımından mühüm üstünlüklər yaradacaq. Zəngilan xətti həm Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirir, həm də regionda yeni tranzit marşrutu formalaşdırır.

Prezident İlham Əliyevin səsləndirdiyi bu hədəf Azərbaycanın iqtisadi və geosiyasi mövqeyini gücləndirməyə yönəlmiş tarixi addımdır. Dəmir yolunun müasirləşdirilməsi Naxçıvanın inkişafını sürətləndirməklə yanaşı, ölkənin tranzit-logistika imkanlarını genişləndirəcək və regionda yeni əməkdaşlıq modelinin əsasını qoyacaq.

Bu layihə həm Azərbaycanın iqtisadi müstəqilliyinin, həm də Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasının açarlarından biridir.

Mətin Kamal

İqtisadçı-jurnalist