
Köklərə bağlı qal, dünyaya açıl! - Haluk Dursunun gənclərə mesajı
Türkiyənin tanınmış tarixçi-alimi, mədəniyyət adamı və ziyalısı Haluk Dursun (1957–2019) yalnız akademik fəaliyyətləri ilə deyil, həm də gənclərə yönəlmiş maarifçi fikirləri ilə yadda qalmışdır. Onun ölümündən sonra qızı tərəfindən çap etdirilən “Gənclərlə Həyat Bİlgisi” əsəri müəllifin həyat təcrübəsindən süzülüb gələn, gənc nəslə yol göstərən dəyərli bir mənbədir. Bu kitab bir dərslikdən daha çox, həyat məktəbi kimi təqdim olunur. Kitabı oxumağı mənə tövsiyyə edən çox dəyərli böyüyüm, General mayor, tarix üzrə fəlsəfə doktoru Yücel Karauza minnətdaram. Ənənəyə sadiq qalaraq tələbələrimə və bütün türk gəncliyinə bu kitabı tövsiyyə edərək oxuma feyzi arzulayıram.
Əsərin mühüm bölmələrindən biri “Vətən sevgisi” mövzusuna həsr olunmuşdur. Müəllif bu anlayışı romantik şüarlardan uzaq, real həyati məsuliyyətlərlə bağlayır. Kitabda vurqulanaraq xitab olunan cümlələr öyrədicidir.
“•Vətən sevgisi təkcə müharibə zamanı vətəni qorumaq üçün dpyüşərək şəhid olmaq demək deyil, Vətən sevgisi təbiəti, şəhərləri, mədəni irsi qorumaqdır;
• Öz peşəsini vicdanla və ən yaxşı şəkildə icra etməkdir;
• Tarixi bilmək və şəhidlərin fədakarlığını qiymətləndirməkdir;
• Gündəlik həyatda qayda-qanuna, dürüstlüyə riayət etməkdir.”
Bəli, Haluk Dursun vətən sevgisini praktik və vətəndaş məsuliyyəti səviyyəsi ilə yüksəldir.“Gənclərlə Həyat Bİlgisi” əsərin əhəmiyyəti ondan ibarətdir ki, kitab yalnız Türkiyə gəncləri üçün deyil, ümumilikdə türk dünyasının gənc nəsli üçün mühüm bir bələdçidir. Çünki müəllifin qaldırdığı məsələlər – milli kimliyin qorunması, mədəni dəyərlərə sahib çıxmaq, dürüst və məsuliyyətli vətəndaş olmaq – Azərbaycan gəncliyi üçün də aktualdır. Haluk Dursun gənclərə müraciət edərkən, sadəcə nəzəri biliklərdən deyil, təcrübənin verdiyi hikmətdən istifadə edir. Əsərin başlıca mövzuları bunlardır:
1. Dəyərlər tərbiyəsi – milli-mənəvi kimliyin qorunması, mədəni irsə sahib çıxmaq, tarix şüuru formalaşdırmaq.
2. Həyat bacarıqları – düzgün dost seçmək, zamanın qədrini bilmək, oxuma və öyrənmə vərdişləri.
3. Şəxsiyyətin formalaşması – əxlaq, dürüstlük, məsuliyyət anlayışlarının gənc nəsil üçün vacibliyi.
4. Vətən sevgisi – vətənə bağlılığın yalnız şüarlarla deyil, gündəlik həyatdakı davranışlarla sübut olunması.
5. Köklərə bağlı qalaraq dünyaya açılmaq – qloballaşma çağında milli kimliyi itirmədən universal dəyərlərə sahib olmaq.
“Köklərə Bağlı Qal, Dünyaya Açıl!”
Bir çağın dərsi: Qloballaşma və kimlikdir. Bu gün dünya “VAHİD BÖYÜK EV” ə çevrilib. İnternetin bir toxunuşunda Parisdən Bakıya, Tokiodan İstanbula qədər bütün mədəniyyətlər qarışır. Gənclik bir tərəfdən sürətli dəyişimin cazibəsinə qapılır, digər tərəfdən isə “köklərindən qopmaq” təhlükəsi ilə üz-üzə qalır. Belə bir zamanda mərhum ziyalı Haluk Dursun gənclərə mühüm bir sual ünvanlayır:
“Köklərinizə bağlı qalaraq dünyaya açılmağa hazırsınızmı? “Kimliksiz inkişaf olmaz. Haluk Dursun deyirdi ki, insan köksüz ağac kimidir. Gözəl görünə bilər, amma ilk küləkdə yıxılar.
• Dilini itirən, kimliyini də itirir.
• Tarixini unudan, gələcəyini də itirir.
• Mədəniyyətinə yadlaşan, özünü də tanımaz olur.
Bu səbəbdən gənclərə ilk və ən böyük çağırış – öz dilinə, tarixinə, mədəniyyətinə sahib çıxmaqdır. Dünyaya qapalı qalmaq da çıxış yolu deyil. Amma Haluk Hoca yalnız keçmişi qorumağı demirdi. O, həm də dünyaya açılmağı tövsiyə edirdi. Çünki XXI əsrdə qapalı qalan gənc geri qalır. Elm, texnologiya, ideyalar sərhəd tanımır.
Əsas məsələ isə kökləri qoruyaraq yeniliklərə açıq olmaqdır. Universal dəyərlər – azadlıq, ədalət, bərabərlik – milli kimliklə zidd deyil. Əksinə, onu daha da gücləndirir.
TARAZLIQ – əsrin gəncindən gözlənilən bu bacarığı,
Haluk Dursun fəlsəfəsi bir cümləyə sığdırır:
“Köklərinə sadiq qal, amma dünyaya açıq ol!” Bu tarazlığı quran gənc həm öz xalqına, həm də bəşəriyyətə xidmət edə bilər. Çünki köklü olan gənc güclüdür, açıq olan gənc isə müasir.
Əziz Gənclər, bu çağırış bütün türk gəncləri üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Türklərin zəngin tarixi və mədəniyyəti var. Eyni zamanda türk gəncliyi qlobal məkanda öz sözünü demək gücündədir. Gənclərin üzərinə düşən məsuliyyət – ənənəni yaşatmaqla müasirliyi birləşdirməkdir. Haluk Dursunun “Gənclərlə Həyat Bİlgisi” kitabı sadəcə bir müəllifin xatirələri deyil, bir yol xəritəsidir. Gəncliyə ünvanlanan ən güclü mesaj isə budur:”Köklərə bağlı qalın, amma dünyaya açılmaqdan qorxmayın!”
Çünki sabahı quracaq olanlar – həm köklərini unutmayan, həm də dünyanı qavrayan gənclikdir.
Ruhəngiz ƏLİYEVA
Pedaqogika üzrə fəlsəfə doktoru
