
Qars-Naxçıvan dəmir yolu: Yeni geoiqtisadi xəritənin başlanğıcı
Avqustun 22-də Türkiyənin İğdır vilayətində Qars-İğdır-Aralık-Dilucu dəmir yolunun təməli qoyuldu. Bu dəmir yolunun strateji əhəmiyyəti təkcə region ölkələrinin nəqliyyat əlaqələrinin güclənməsi ilə məhdudlaşmır, həm də Avrasiyanın yeni geoiqtisadi xəritəsini formalaşdırmaq baxımından mühüm mərhələdir.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlunun vurğuladığı kimi, Qars-Naxçıvan dəmir yolu marşrutu 224 kilometr uzunluğunda olmaqla Cənubi Qafqazda sülh və əməkdaşlığın simvoluna çevriləcək.
Mövzu ilə bağlı fikirlərini bildirən iqtisadçı-jurnalist Mətin Abbaslı bildirib ki, Ankara uzun illərdir ki, beynəlxalq logistika dəhlizlərinin kəsişməsində yerləşən mövqeyini gücləndirmək üçün meqalayihələr həyata keçirir. Burda Azərbaycanın strateji qazancı bu əsas iki meyardan ibarətdir.
1. Naxçıvanın blokadadan çıxışı: Naxçıvan Muxtar Respublikası uzun illər ərzində quru yol baxımından məhdud əlaqələrə malik idi. Yeni dəmir yolu isə Naxçıvanı birbaşa Türkiyə ilə birləşdirəcək və iqtisadi izolə vəziyyətini aradan qaldıracaq.
2. Ticarət və enerji tranziti: Bakı-Tbilisi-Qars dəmir yolu ilə yanaşı Qars-Naxçıvan xətti də Azərbaycanın tranzit imkanlarını artıracaq.
Bu Bakıdan Avropaya, Qərbdən isə Orta Asiyaya uzanan daşımaların daha səmərəli və ucuz başa gəlməsinə şərait yaradacaq.
"Yeni dəmir yolunun açılması ilə bölgədə bir sıra mühüm nəticələr gözlənilir. Belə ki, Ermənistanın da gələcəkdə bu xəttə qoşulması istisna deyil. Bu isə regionda sülhə daha da təsir edəcək. Həmçinin, Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadi inteqrasiyası üçün bu dəmir yolu mühüm arteriyaya çevrilə bilər. Eyni zamanda, Avropa İttifaqından Çinə, Rusiyadan Fars körfəzinə qədər uzanan marşrutlarda Türkiyə əsas tranzit mərkəz statusunu daha da möhkəmləndirəcək", - deyə Mətin Abbaslı bildirib
Əslində Qars-Naxçıvan dəmir yolunun inşası yalnız nəqliyyat layihəsi deyil, həm də siyasi və iqtisadi diplomatiya alətidir. Bu təşəbbüs Türkiyə və Azərbaycanın ortaq maraqlarını təmin etməklə yanaşı, Avrasiyanın gələcək iqtisadi düzənini də formalaşdırır.
Göründüyü kimi, dəmir yolunun işə düşməsi sadəcə yeni bir nəqliyyat xətti deyil, Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və rifahın yeni səhifəsi olacaq.
Naxçıvanxəbərləri
Analitik Qrup
