Naxçıvanda "məktəbli çantası" ailələrə neçə manata başa gəlir? -

Naxçıvanda "məktəbli çantası" ailələrə neçə manata başa gəlir? - ARAŞDIRMA

27 Avqust 2025

Yay fəsli başa çatmaq üzrədir və valideynlər artıq yeni dərs ilinə hazırlaşırlar. Bu dövrdə məktəb ləvazimatları bazarında canlanma müşahidə olunur. Qiymətlərdəki dəyişikliklər isə ailələrin büdcəsinə birbaşa təsir göstərir.

“NAXÇIVANXƏBƏRLƏRİ” İnformasiya Portalının əməkdaşının apardığı araşdırmaya görə, ən çox tələbat dəftərlərədir. Ən sadə dəftərlərin qiyməti 20 qəpikdən başlayır və vərəq sayı artdıqca 50 qəpiyə qədər yüksəlir. Brend və daha keyfiyyətli dəftərlərin qiyməti isə  1 manat 60 qəpikdən başlayaraq 2 manat 20 qəpiyə qədər dəyişir.

Qələmlər 30 qəpikdən təklif olunur. Dəftər və kitab üzlüklərinin qiyməti isə 20-30 qəpik aralığındadır. Satıcıların sözlərinə görə, ötən illə müqayisədə qiymətlərdə 5-10 qəpik artım müşahidə olunur. Məktəbli çantalarında isə bahalaşma 2-3 manat təşkil edib.

Satıcı Emin bəyin sözlərinə görə, ucuz çantaların qiyməti 25-30 manat  arasında dəyişir, brend və daha dayanıqlı modellər isə 80-100 manata, hətta bəzi hallarda 110 manata qədər yüksəlir: “Əksər alıcılar orta səviyyəli məhsullara üstünlük versə də, keyfiyyətə daha çox önəm verənlər də az deyil".

Valideynlərin fikirləri də fərqlidir. İki övladı məktəbə gedən Nərmin xanım deyir ki, yalnız ləvazimatlara görə 100 manata yaxın vəsait xərcləyib: “Bu, hələ dərsliklər, geyimlər və digər xərclər nəzərə alınmadan belədir. Dərs ili boyu əlavə xərclər mütləq olacaq”.

Həsən bəy isə əlavə test kitabçalarının ailə büdcəsinə ciddi yük yaratdığını bildirir: “Testlər ucuz görünə bilər, amma hər ay bir neçə sinif üçün almaq lazım gəlir. Zamanla bu, böyük məbləğ edir”.

Digər bir valideyn Lalə xanım isə keyfiyyət məsələsinə diqqət çəkir: “Ucuz dəftərlərin və qələmlərin keyfiyyəti zəif olur, uşaq yazmaqda çətinlik çəkir. Ona görə biz daha keyfiyyətli məhsullara üstünlük veririk. Bu, əlavə xərcdir, amma uşağın təhsili üçün buna dəyər”.

Araşdırmalar göstərir ki, məktəb ləvazimatlarının qiymətləri geniş diapazonda dəyişir. Dəftərlərin qiyməti  20 qəpikdən 2 manat 20 qəpiyədək, qələmlər 30 qəpikdən  başlayan qiymətlərlə, məktəbli çantaları isə  25 manatdan 110 manata qədər bazarda mövcuddur.

Ümumilikdə, bir şagird üçün əsas məktəb alış-verişi: çanta, dəftər, qələm və digər ləvazimatlar orta hesabla 100 manata  başa gəlir.

Araşdırma apardı:

Mənsurə Hümbətova