Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında yeni mərhələ

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında yeni mərhələ

27 Avqust 2025

Avqustun 26-da Azərbaycan Respublikasının Nazirlər Kabinetində keçirilən iclas Prezident İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuşdu. Bu səfərin ən böyük nəticələrindən biri, uzun illərdir Azərbaycanın strateji gündəmində dayanan və xüsusilə Naxçıvan Muxtar Respublikası üçün həyati əhəmiyyət kəsb edən məsələ – Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz kommunikasiyanın təmin olunması barədə razılaşmanın əldə edilməsidir. İclasda baş nazir Əli Əsədov, xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və

Naxçıvan Muxtar Respublikasının Azərbaycan Prezidentinin Səlahiyyətli Nümayəndəsi Fuad Nəcəfli çıxış edərək görüşün mahiyyətindən, Azərbaycan, eləcə də Naxçıvanın iqtisadi-sosial inkişafı ətrafında fikirlər səsləndiriblər. Baş nazir Əli Əsədovun çıxışı zamanı Azərbaycanın regionda sülh, təhlükəsizlik və əməkdaşlıq istiqamətində atdığı yeni addımların strateji əhəmiyyəti vurğulanıb. Nazir, xüsusilə Naxçıvanı blokadadan çıxaracaq yeni dəhliz layihəsini həm sosial-iqtisadi inkişaf, həm də regional inteqrasiya baxımından “tarixi imkan” kimi təqdim edir. Nitqin əsas ideyası ondan ibarətdir ki, Azərbaycan artıq yalnız öz milli maraqlarını deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyini formalaşdıran əsas aktora çevrilib. Prezident İlham Əliyevin Vaşinqton səfərinin region üçün tarixi dönüş nöqtəsi yaratdığını qeyd edən nazir əldə olunan razılaşmalar xüsusən yeni nəqliyyat dəhlizinin açılmasının önəmindən danışıb. Bu addım Naxçıvan Muxtar Respublikasının illərlə davam edən blokadasına son qoymaqla yanaşı, onun sosial-iqtisadi inkişafını da sürətləndirəcək.

Baş nazirin nitqində həmçinin Azərbaycanın sülh gündəliyinin Cənubi Qafqazda sabitliyin bərqərar olmasına xidmət etdiyini, regionun isə yaxın gələcəkdə “sabitlik adası”na çevriləcəyini bildirdi. Bu fikirlər bir daha göstərir ki, Azərbaycan yalnız regional təhlükəsizlikdə deyil, həm də beynəlxalq əməkdaşlıq və iqtisadi inteqrasiyada əsas oyunçulardan birinə çevrilməkdədir.

Naxçıvan Muxtar Respublilasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin çıxışı isə istər sosial, istərsə də, iqtisadi baxımdan müasir Naxçıvanın ifadəsidir. Həm regional, həm də milli siyasət baxımından əhəmiyyətli mesajlar ehtiva edir.  Azərbaycanın xarici və daxili siyasət uğurları, Naxçıvanın blokadadan çıxması və Zəngəzur dəhlizinin açılması ətraflı şəkildə təqdim olunur. Dövlət rəhbərliyinin strategiyasını və Naxçıvanın inkişaf perspektivlərini dinləyicilərə çatdırmaq məqsədi daşıyan çıxışın ən önəmli xarici siyasi məsələsi Ermənistanla sülh müqaviləsidir. Vaşinqtonda imzalanan ilkin sənəd Azərbaycan diplomatiyasının uğuru kimi təqdim edilir. Prezidentin səlahiyyətli nümayəndəsinin sözləri ilə desək, Ermənistan artıq diplomatik müstəvidə kapitulyasiya edib. Bu, həm daxili auditoriyada Azərbaycanın qətiyyətli mövqeyini nümayiş etdirir, həm də regional güc balansını göstərir. Sülh müqaviləsi və Naxçıvanın Azərbaycanla maneəsiz birləşməsi ölkənin strateji maraqlarının həyata keçirilməsi baxımından tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda çıxış zamanı Naxçıvanın tarixi və strateji rolu geniş vurğulanır. 1990-1993-cü illərdə Ulu Öndər  Heydər Əliyevin fəaliyyəti Naxçıvanın işğaldan qorunması və Azərbaycanın müstəqilliyinin təmin olunması baxımından əsas məqam kimi təqdim olunur. Bu kontekst, Fuad Nəcəflinin nitqində Naxçıvanın həm tarixi, həm də geosiyasi əhəmiyyətini auditoriyaya çatdırmaq üçün istifadə olunur.  Prezident İlham Əliyevin davamlı qayğısı və Naxçıvanda həyata keçirilən infrastruktur layihələri, iqtisadi və sosial inkişaf tədbirləri qeyd olunur. Bu, Naxçıvanın strateji əhəmiyyətinin aktuallığını və dövlət siyasətinin uğurunu nümayiş etdirir, Naxçıvanın sosial-iqtisadi inkişafı geniş statistik məlumatlarla təqdim olunur. Ümumi Daxili Məhsulun artımı, məşğulluq səviyyəsi, büdcə xərclərinin səmərəliliyi və digər iqtisadi göstəricilər nitqin əsas daxili siyasət mesajını gücləndirir.  Naxçıvan iqtisadi cəhətdən artıq öz inkişaf yolunda ciddi addımlar atır.

Naxçıvan Muxtar Respublikasının Azərbaycan Prezidentinin Səlahiyyətli Nümayəndəsi Fuad Nəcəflinin nitqində təqdim olunan statistik və iqtisadi göstəricilər muxtar respublikanın sosial-iqtisadi inkişafının yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. 2023–2027-ci illər üçün qəbul edilmiş Dövlət Proqramının icrası, büdcə səmərəliliyi və iqtisadi göstəricilərin artımı regionun inkişaf strategiyasının uğurunu açıq göstərir. Nitqdə diqqət çəkən ilk məqam, dövlət proqramlarının praktik nəticələridir. Dövlət Proqramı çərçivəsində görülən işlər nəticəsində Naxçıvanın büdcəsinə ayrılan dotasiya 2022-ci ildəki 425 milyon manatdan 2025-ci ilin yeddi ayında 120 milyon manata qədər azalmışdır. Bu, muxtar respublikanın artıq öz iqtisadi resursları hesabına maliyyələşə biləcəyini göstərir və dövlətin idarəetmə səmərəliliyinin göstəricisidir. Burada siyasi mesaj açıqdır: iqtisadi müstəqillik və səmərəli islahatlar, həm Prezident İlham Əliyevin strategiyasının uğurunu, həm də Fuad Nəcəflinin nümayəndəlik səlahiyyətlərinin effektiv icrasını təsdiqləyir. Ümumi Daxili Məhsul (ÜDM) 4,8% artaraq 927,3 milyon manata çatdığı qeyd edilir, hər nəfərə düşən ÜDM isə 4,3% artaraq 1967,1 manata yüksəlib. Sənaye məhsul istehsalı 14%, pərakəndə ticarət dövriyyəsi 3,7%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 5,8% artmışdır. Bu göstəricilər yalnız iqtisadi artımı deyil, həm də sosial rifahın yüksəlməsini, yəni vətəndaşların gündəlik həyatına müsbət təsiri göstərir. Dövlətin iqtisadi siyasəti həm resursların səmərəli idarə olunmasını təmin edir, həm də Naxçıvanın iqtisadi potensialının artmasına şərait yaradır. İqtisadi fəal əhalinin sayı 3,5% artaraq 273 min nəfərə, məşğul əhalinin sayı isə 0,8% artaraq 260 min nəfərə çatmışdır. Orta aylıq əmək haqqı 6,3% artaraq 826 manata yüksəlib. Bu göstəricilər dövlət siyasətinin sosial yönümlü olduğunu, insanların rifahına və iş imkanlarına xüsusi önəm verildiyini göstərir. Həmçinin, dövlət və qeyri-dövlət sektorlarının balansı Naxçıvan iqtisadiyyatının davamlı inkişafına işarə edir: dövlət sektoru 37 305, qeyri-dövlət sektoru 23 260 nəfərdən ibarətdir.

Fuad müəllimin nitqində vergilərin artımı iqtisadi idarəetmənin effektivliyi ortaya qoyulur: fiziki şəxslərin gəlir vergisi 19%, hüquqi şəxslərin mənfəət vergisi 8%, ƏDV 34%, aksiz 34% və mədən vergisi 22% artıb. Bununla yanaşı, dövlət mülkiyyətində olan torpaqların və daşınmaz əmlakın icarə haqqının artması regionun maliyyə müstəqilliyini gücləndirir. Yalnız sadələşdirilmiş verginin azalmış olması isə daşınmaz əmlak və bank əməliyyatlarının spesifik dəyişikliklərinin göstəricisidir.

2025-ci ilin yanvar-iyul aylarında iqtisadiyyata ümumi kredit qoyuluşu 33%, əhalinin banklardakı əmanətləri 57%, nağdsız ödənişlərin həcmi isə 31% artıb. Bank hesablarının sayı 11%, ödəniş terminallarının sayı isə 85% artması maliyyə infrastrukturunun sürətli inkişafını göstərir. Bu, həm sahibkarlar üçün əlverişli mühitin yaradılması, həm də muxtar respublikanın iqtisadi çevikliyinin güclənməsi deməkdir.

Naxçıvanın sosial-iqtisadi inkişafının yeni mərhələyə qədəm qoyduğunu və dövlət siyasətinin səmərəli icrasını nümayiş etdirir. Dövlət proqramları və iqtisadi islahatlar nəticəsində muxtar respublika artıq daha çox maliyyə müstəqilliyinə malikdir, sosial rifah və məşğulluq səviyyəsi yüksəlib, iqtisadi infrastruktur güclənib. Bu göstəricilər Naxçıvanın Azərbaycanın strateji inkişaf xəttində prioritet bölgə olduğunu, eyni zamanda Prezident İlham Əliyevin siyasətinin uğurla həyata keçirildiyini təsdiqləyir.

Canməmməd CANMƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclininin deputatı