Naxçıvanda mədəniyyət obyektlərinin təmiri necə aparılacaq?

Naxçıvanda mədəniyyət obyektlərinin təmiri necə aparılacaq?

27 Avqust 2025

Mədəniyyət bir millətin kimliyini, tarixini və mənəvi dəyərlərini yaşadan, onları gələcək nəsillərə ötürən əsas dayaqlardan biridir.

Mədəniyyət ocaqları isə həmin dəyərlərin qorunduğu, inkişaf etdirildiyi və cəmiyyətə çatdırıldığı mühüm ünvanlardır.

Naxçıvan Muxtar Respublikasında da bu sahə daim diqqət mərkəzində saxlanılır. Burada mədəni irsin mühafizəsi və mədəniyyət müəssisələrinin yenilənməsi istiqamətində ardıcıl işlər görülür. Xüsusilə də mədəniyyət obyektlərinin təmiri və yenidən qurulması məsələsi əsas prioritetlərdən biridir.

Bu mövzu ətrafında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Məmməd Hüseynli ilə həmsöhbət olduq.

İlk sualımız obyektlərin təmiri ilə bağlı son yeniliklərə dair idi. Məmməd müəllim qeyd etdi ki, mədəniyyət sahəsi həmişə dövlətin xüsusi diqqətində olub. Nazirlik də müəssisələrin müasir tələblərə uyğun fəaliyyət göstərməsi üçün təmir və tikinti proseslərini ardıcıl şəkildə həyata keçirir. Hazırda isə bu istiqamətdə yeni mərhələ başlanıb.

Bu mərhələdə hansı mədəniyyət ocaqlarının təmir olunacağını soruşduqda, Məmməd müəllim bildirdi ki, Naxçıvan şəhərində yerləşən üç mühüm obyekt - Heydər Əliyev Muzeyi, Heydər Əliyev Sarayı və Naxçıvan Dövlət Milli Dram Teatrında ilkin işlərə start verilib. Onun sözlərinə görə, bu mədəniyyət ocaqları həm tarixi, həm də funksional baxımdan əhəmiyyətli məkanlardır.

Təmir prosesinin gedişatına gəlincə, ilk mərhələdə layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur. Bunun üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, hər üç obyektin texniki layihələri işlənib hazırlanacaq, daha sonra isə birbaşa təmirə başlanacaq.

Görülən işlərin davamı olaraq "Mədrəsə" tarix-memarlıq abidəsinin layihə-smeta sənədlərinin hazırlanması məqsədilə "BİMD" QSC ilə müqavilə bağlanılıb. Müqaviləyə əsasən şirkət tərəfindən XVIII əsr memarlıq abidəsinin layihə-smeta sənədləri hazırlanacaq. 

Gələcək planlardan danışarkən isə Məmməd Hüseynli vurğuladı ki, əsas məqsəd yalnız bu üç obyektlə məhdudlaşmamaqdır. Ümumilikdə bütün mədəniyyət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, işçi heyət üçün daha yaxşı şəraitin yaradılması və cəmiyyətə göstərilən mədəni xidmətlərin keyfiyyətinin artırılması istiqamətində geniş işlər görüləcək. Yaxın gələcəkdə digər müəssisələrdə də oxşar layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Müsahibəni hazırladı:

Mənsurə Hümbətova