
Naxçıvan Müəllimlər İnstitutunun gələcək planları nələrdir? – MÜSAHİBƏ
Naxçıvan Müəllimlər İnstitutu son illərdə həyata keçirdiyi islahatlar və keyfiyyətə əsaslanan yanaşmaları ilə regionun aparıcı ali təhsil müəssisələrindən biri kimi formalaşıb. Tədris prosesində innovativ metodların tətbiqi, tələbə yönümlü layihələrin həyata keçirilməsi və infrastrukturun müasirləşdirilməsi institutun inkişaf strategiyasının əsas istiqamətlərini təşkil edir. Bu barədə Pedaqoji fakültənin dekanı, dosent Samirə Həsənova ilə ətraflı söhbət etdik.
İlk sualımız belə oldu ki, 25 ildə Naxçıvan Müəllimlər İnstitutunda həyata keçirilmiş əsas tədbirləri və əldə olunan nəticələri necə qiymətləndirirsiniz?
Müsahibimiz bildirdi ki,25 illik institutumuz üçün bir sıra əlamətdar nailiyyətlərlə yadda qaldı. Tədrisin keyfiyyəti, infrastruktur imkanlarımız və tələbələrin sosial həyatı istiqamətində mühüm addımlar atıldı. İmtahanların yazılı və şəffaf şəkildə təşkili tələbələrin məsuliyyətini artırdı, eyni zamanda təhsilin keyfiyyətinə müsbət təsir göstərdi. Maddi-texniki baza gücləndirildi – 158 fərdi kompüter, 16 noutbuk və digər müasir avadanlıqlar tədris prosesinə inteqrasiya olundu. Bununla yanaşı, tələbə təşkilatları, elmi dərnəklər, teatr studiyası və idman klubu da olduqca fəal fəaliyyət göstərdi.
2025-ci ilin birinci yarısında konkret olaraq hansı yeniliklər həyata keçirildi? İkinci yarımil üçün planlarınız nələrdir?
2025-ci ilin ilk yarısı institutumuz üçün məhsuldar keçdi. Fəlsəfə doktoru hazırlığı üzrə Dissertasiya Şurası fəal fəaliyyət göstərdi və bir neçə müdafiə uğurla baş tutdu. “Elmi əsərlər” jurnalımız beynəlxalq standartlara uyğun şəkildə nəşr olundu. “Məktəb” nəşriyyatının mətbəəsi yenilənərək daha aktiv fəaliyyətə başladı. Əlavə olaraq, professor-müəllim heyəti üçün 5 fərdi məsləhət otağı və “Psixoloji xidmət” laboratoriyası yaradıldı.
İlin ikinci yarısı üçün prioritet hədəflərimiz – beynəlxalq əməkdaşlığın genişləndirilməsi, yeni ixtisaslar üzrə tədris proqramlarının tətbiqi, dərslik və vəsaitlərin hazırlanması, eləcə də tələbələrin daha çox elmi və sosial layihələrə cəlb olunmasıdır. Şəhid məzunlarımız Kamran Hüseynov və Ruhid İslamlının əziz xatirələrinin yaşadılması üçün xüsusi tədbirlər də planlaşdırılıb.
2025–2026-cı tədris ilində institut tələbələrini və təhsilsevərləri nə gözləyir?
Yeni tədris ilində bizi daha innovativ və çağdaş yanaşmalar gözləyir. Yeni təhsil proqramlarının tətbiqi, müəllimlərin metodiki hazırlığı və rəqabət qabiliyyətinin artırılması əsas prioritetlərdəndir. Beynəlxalq ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri bağlanacaq ki, bu da tələbələrimiz üçün geniş təcrübə və mübadilə imkanları yaradacaq.
Tədris və tədqiqat fəaliyyətlərinin vəhdəti daha da gücləndiriləcək. Magistratura və doktorantura pilləsində yeni istiqamətlərin açılması nəzərdə tutulur. Eyni zamanda, tələbə həyatı daha da zənginləşəcək – sosial layihələr, mədəni tədbirlər və idman fəaliyyətləri tələbələrin həm şəxsiyyət, həm də peşəkar inkişafına xidmət edəcək.
Müsahibəmizi institutun gələcək hədəfləri və missiyası ilə bağlı fikirlərinizlə yekunlaşdırmağınızı istərdik.
Samirə xanım sonda vurğuladı ki, əsas missiyamız – yüksək intellektli, milli-mənəvi dəyərlərə sadiq, peşəkar və innovativ düşüncəyə malik müəllim və elmi-pedaqoji kadrlar yetişdirməkdir. Dövlətimizin təhsilə verdiyi önəm və göstərdiyi hərtərəfli dəstək bu yolda bizə böyük güc və ruh verir.
Naxçıvan Müəllimlər İnstitutu bu gün sadəcə təhsil verən bir qurum deyil, həm də vətəndaş yetişdirən, mənəviyyat aşılayan bir elm ocağıdır. Gələcəkdə də bu məsuliyyətli və şərəfli missiyanı uğurla davam etdirmək üçün bütün səylərimizi səfərbər edəcəyik.
Müsahibəni hazırladı:
Mənsurə Hümbətova