Naxçıvanlı gənclərdən yaradıcı təşəbbüs

Naxçıvanlı gənclərdən yaradıcı təşəbbüs

19 Avqust 2025

Naxçıvanda üç gənc - Samir Zalov, Məhəmməd Əli Hacıyev və Şəmil Əhmədov milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə “Bustorium” adlı yaradıcı təşəbbüsə start veriblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, layihənin əsas istiqaməti yadda qalan büstlərin hazırlanmasıdır. Gənclər bildirirlər ki, “Bustorium”un özəlliyi ənənəvi əl işinin qorunaraq müasir texnologiyalarla sintez edilməsindədir. Bu yanaşma həm sənət əsərlərinin yüksək dəqiqliklə ərsəyə gəlməsinə, həm də onların bədii dəyərinin saxlanmasına imkan yaradır.

“Bustorium”da hər bir büst zərif əl işinin və qabaqcıl texnologiyaların vəhdəti ilə hazırlanır. Bu tarixi şəxsiyyətlərin obrazlarını real şəkildə əks etdirməyə və unikal sənət nümunələri yaratmağa şərait yaradır.

Təşəbbüskar gənclər vurğulayırlar ki, layihənin yaranması onların yaradıcılıq və təşəbbüskarlığının bariz nümunəsidir. Onlar istəyirlər ki, bu fəaliyyət digər gənclərə də örnək olsun.

Gələcək planlarda “Bustorium”u inkişaf etdirərək Azərbaycan mədəniyyətini və incəsənətini beynəlxalq miqyasda tanıtmaq yer alır. Gənclər əmindirlər ki, milli sənətə sadiqlik və müasir yanaşma birləşdikdə ölkə üçün dəyərli, uzunömürlü irs yaradılır.