Naxçıvanda müasir suvarma sistemləri kənd təsərrüfatında məhsuldarlığı artıracaq

Naxçıvanda müasir suvarma sistemləri kənd təsərrüfatında məhsuldarlığı artıracaq - MÜSAHİBƏ

18 Avqust 2025

Naxçıvanda damcı və çiləmə üsulları kimi suya qənaət edən texnologiyalardan istifadə hələ aşağı səviyyədədir. Bu boşluğu aradan qaldırmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Səmərəli su, güclü kənd təsərrüfatı" layihəsi həyata keçirilir.

Bu fikirləri "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xudakərim Məmmədov bildirib. 

O bildirib ki, hazırda Babək rayonu ərazisində 101 kilometr uzunluğunda beton, 152 kilometr torpaq kanal və 149 kilometr qapalı suvarma sistemi mövcuddur. "Səmərəli su, güclü kənd təsərrüfatı" layihəsi  çərçivəsində muxtar respublikaya müasir suvarma avadanlıqları gətiriləcək və fermerlərə güzəştli şərtlərlə təqdim olunacaq. 

Nazirlik rəsmisi qeyd edib ki, yerli istehsal olan sistemlərin maya dəyərinin 60 faizi, xarici istehsal sistemləri üçün isə 40 faizi dövlət tərəfindən qarşılanacaq. Fermerlər ümumi məbləğin yalnız 20 faizini ilkin ödəniş kimi verəcək, qalan hissəni isə aylıq ödəməklə geri qaytarmaq imkanı əldə edəcəklər. 

O vurğulayıb ki, iqlim dəyişikliklərinin təsiri ilə bölgədə su ehtiyatları azalıb və ənənəvi suvarma üsullarında su itkisi kifayət qədər yüksəkdir:

“Damlama və çiləmə sistemləri həm suya qənaət etməyə, həm də məhsuldarlığı artırmağa imkan verir. Müasir texnologiyaların tətbiqi kənd təsərrüfatında dayanıqlı inkişaf üçün mühüm əhəmiyyət kəsb edir”.

Xudakərim Məmmədov əlavə edib ki, fermerlərin qaldırdıqları suvarma, aqrotexniki xidmət, subsidiya və gübrə təminatı ilə bağlı məsələlərin operativ həlli üçün aidiyyəti qurumlara da tapşırıqlar verilib.

Müsahibəni hazırladı:

Nəzrin Abbaslı