
Aysun Cəfərli: Məktəblərdə psixoloqların formal mövcudluğu ciddi fəsadlar yaradır
Sağlam cəmiyyətin təməlini təşkil edən uşaqların və gənclərin üzərinə düşən yük çox vaxt yalnız təhsil və gələcək qayğıları ilə məhdudlaşmır. Abituriyentlər formalaşma dövründə zehni yüklənmə ilə yanaşı, eqo, stereotiplər və müxtəlif təzyiqlərlə də sarsılırlar. Təhsil uğrunda aparılan amansız yarış gəncliyi sıxışdırır, onların həyat enerjisini tükəndirir. Qəbul imtahanlarından sonra minlərlə gəncin özünə qəsd etməsi də təsadüfi deyil. Bu faciədə günah yalnız bir şəxsin üzərində deyil: məktəblərdə formal fəaliyyət göstərən psixoloqların, valideynlik borcunu maddiyyat və prestijlə səhv salanların, imtahanı həyatın yeganə meyarına çevirən təhsil sisteminin üzərindədir. Nəticədə isə “robotlaşmış gənclik” yetişdirilir.
Məktəblərdə kiçik yaşlardan aparılan zəhərli rəqabət mühiti inkişafa yox, uşaqlar və gənclər arasında özünə inamsızlığa, aqressiyaya, yaradıcı, istedadlı fərdlərin cəmiyyətdən təcrid olunmasına səbəb olur.
Gənclərin həyatının ilk addımları çox vaxt mühafizəkar təzyiqlərlə əzilir, onların nəfəsi daha başlanğıcdan kəsilir. Nəticə istənilən kimi olmadıqda bu “uğursuzluqlar” valideynlərin faciəsi kimi qəbul olunur.
Bəzən valideynlərin “sevgi” adı altında gizlənən eqoizmi, ailədaxili müqayisələr və “başqasının övladı” ilə aparılan yarışlar gənclərin ruhunu, inamını sarsıdır. Valideynlər övladlarını uğura hazırladıqlarını düşünürlər, lakin əksər hallarda fərqli bir gerçəklik ortaya çıxır: sevgi deyil, nəzarət; dəstək deyil, müqayisə; inam deyil, təzyiq.
Nəticədə gənclər özünüifadə imkanlarını itirir, seçim azadlığı daralır və şəxsiyyət formalaşmaq əvəzinə sıxıntılarla yoğrulur. Bu prosesin ən təhlükəli tərəfi isə gənclərin öz hədəfləri ilə yox, başqalarının gözləntiləri ilə yaşamağa başlamasıdır.
Çox vaxt valideynlərin yarım qalmış arzuları övladlarının məcburi seçiminə çevrilir. Məcburiyyətdən seçilən fakültələr, öyrənilmək istənilməyən ixtisaslar, hətta yaşamaq istənilməyən həyat tərzi... Nəticədə gənclik qəbuldan sonrakı dövrdə də ağır psixoloji yükün altında əzilir.
Mövzu ilə bağlı psixoloq Aysun Cəfərli məsələni şərh edib. O bildirib ki, məktəblərdə psixoloqlar yalnız formallıq üçün saxlanıldıqda uşaqların real psixoloji ehtiyacları qarşılanmır:
“Bu, problemlərin vaxtında aşkarlanmasına mane olur və onların böyüyərək daha ciddi fəsadlar yaratmasına səbəb olur. Eyni zamanda psixoloqa inam zəifləyir, şagird və valideynlər bu xidmətin faydalı olmadığını düşünürlər”, – deyə Cəfərli qeyd edib.
Psixoloqun sözlərinə görə, valideynlərin övladlarına qarşı gözləntilərinin bu qədər yüklü olmasının əsas səbəbi onların öz reallaşmamış arzularını övladları vasitəsilə həyata keçirmək istəkləri ilə bağlıdır:
“Sosial müqayisə və "uğurlu övlad" stereotipləri də bu gözləntiləri artırır. Bu isə uşağın şəxsiyyətinə uyğun inkişaf imkanlarını məhdudlaşdırır”, – deyə o vurğulayıb.
Aysun Cəfərli qəbul imtahanlarının abituriyentlər üçün böyük stress yaratdığını da diqqətə çatdırıb:
“Çünki qəbul imtahanları həyatın bütün uğurlarının açarı kimi təqdim olunur. Uşaqlar öz dəyərini yalnız nəticə ilə ölçməyə başlayır. Bu yanaşma isə təzyiqi artıraraq onların psixoloji davamlılığını zəiflədir”.
Onun sözlərinə görə, abituriyentlər imtahan dövründə ən çox panik atak, yuxu pozuntuları, özünəqapanma və depressiv əlamətlər yaşayırlar. Bəzi hallarda isə həddindən artıq gərginlik intihar düşüncələrinə qədər gətirib çıxarır.
Məsələnin həlli yollarına toxunan psixoloq deyib ki, məktəblərdə psixoloqların real iş görə bilməsi üçün onların iş yükü azaldılmalı, müasir metod və təlimlərlə təmin olunmalı, praktik dəstəyə yönəlmiş sistem qurulmalıdır.
Ailə mühitində dəstəyə toxunan Aysun Cəfərli bildirib ki, valideynlər övladlarını nəticəyə görə deyil, səylərinə görə qiymətləndirməli, onlara “bizim üçün sən vacibsən, imtahan yox” mesajı verməlidirlər.
O, abituriyentlərə də stressi azaltmaq üçün nəfəs məşqlərindən, düzgün vaxt bölgüsündən, fiziki hərəkətlərdən istifadə etməyi, kiçik fasilələrlə oxumağı və real hədəflər qoymağı tövsiyə edib.
Psixoloqun fikrincə, dövlət səviyyəsində bu problemin həlli üçün ən vacib addım məktəb psixoloqlarının real iş mexanizmini gücləndirmək və imtahan mərkəzli deyil, bacarıq mərkəzli təhsil sistemi qurmaqdır.
“Əsl psixoloji dəstək mexanizmi elə qurulmalıdır ki, uşaqlar yalnız krizis anında yox, inkişafın hər mərhələsində dəstək ala bilsin. Bunun üçün isə müntəzəm psixoloji monitorinq, valideynlərlə əməkdaşlıq və təhlükəsiz müraciət mühiti yaradılmalıdır”, – deyə Aysun Cəfərli əlavə edib.
Gəncliyin quracağı gələcək sərbəst düşüncənin və seçim azadlığının hökm sürdüyü bir dövr olmalıdır. Təəssüf ki, bizim kimi cəmiyyətlərdə isə gənclərə çox vaxt başqasının arzularını və düşüncələrini öz “mən”indən üstün tutmaq öyrədilir. Halbuki gələcək gənclik keçmişin “doğru” kimi qəbul edilən qəliblərinə deyil, yeni yolların axtarışına əsaslanmalıdır.
Müsahibəni hazırladı:
Nəzrin Abbaslı