
Naxçıvanda tarixi abidələrin bərpası ilə bağlı işlər hansı səviyyədədir? – MÜSAHİBƏ
2025-ci ilin yanvar-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyətin inkişafı, mədəni irsin qorunması və incəsənətin müxtəlif sahələrinin təbliği istiqamətində mühüm işlər görülüb. Bu dövrdə teatr, musiqi və digər sahələri əhatə edən tədbirlər və sərgilər təşkil olunub.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Məmməd Hüseynli bildirib.
O qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən muxtar respublika ərazisində yerləşən tarixi abidələrin qorunması, bərpası və konservasiyası istiqamətində işlər aparılır.
Cari ilin iyun ayında Mədəniyyət Nazirliyi ilə Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkəti arasında müqavilə imzalanıb və 5 avqust 2025-ci il tarixində şirkətin işçi heyəti Naxçıvana gəlib. Hal-hazırda Möminə Xatun türbəsinin bərpası istiqamətində ilkin olaraq abidənin ətrafında infrastrukturun qurulması işlərinə başlanılıb. Abidənin tarixiliyi qorunub saxlanılmaqla ilkin formaya uyğun bərpa edilir.
Müsahibimiz bildirib ki, UNESCO-nun Mədəni İrs Siyahısına daxil olan Naxçıvan-Marağa memarlıq məktəbinin nadir abidələrindən sayılan Möminə Xatun türbəsinin qorunması məqsədilə beynəlxalq səviyyədə əməkdaşlıq qurulub. “Atelier Erich Pummer GmbH” şirkəti 2009-cu ildən Azərbaycanda fəaliyyət göstərir və bu müddət ərzində bir çox tarixi abidələrin bərpasında iştirak edib. Şirkət rəhbəri 2024-cü ilin sentyabrında abidəyə ilkin baxış keçirib, ölçmə və tədqiqat işləri aparıb və plan hazırlayıb.
Həmçinin müsahibimiz vurğulayıb ki, “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi 20 iyul tarixində kompleksə mediatur təşkil edib.
"XVIII əsr memarlıq abidəsi olan “İsmayıl Xan hamamı”nın bərpası üçün layihə-smeta sənədlərinin hazırlanması üçün satınalma prosesi başa çatıb. Layihə “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC-ə tapşırılıb. Abidənin ətrafının abadlaşdırılması, interyer dizaynı və digər işlər nəzərdə tutulur", - deyə o qeyd edib.
Məmməd Hüseynli bildirib ki, Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması və əsaslı təmiri üçün satınalma yekunlaşıb. Bu işlər iki il müddətində tamamlanacaq.
"Naxçıvanda yerli sənətkarların yaradıcılığına dəstək, muzey və sərgilərin yenilənməsi, teatrların repertuarlarının zənginləşdirilməsi kimi fəaliyyətlər də nəzərdə tutulur", - deyə Nazirliyin rəsmisi qeyd edib.
Müsahibəni hazırladı:
Mənsurə Hümbətova