
Naxçıvanda geolokasiya nöqtələrinin sayı 14-ə çatdırılıb, yeni tibbi avadanlıqlar alınıb
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində mühüm addımlar atılıb.
Bu fikirləri "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Səhiyyə Nazirliyinin əməkdaşı Süleyman Cəfərov bildirib.
O qeyd edib ki, cari ilin ilk 6 ayında Ailə Sağlamlıq Mərkəzləri yaradılaraq müasir tibbi avadanlıqlarla təmin olunub. Yoluxucu xəstəliklərin qarşısının alınması üçün peyvəndləmə prosesi gücləndirilib, “soyuq zəncir” sistemi tətbiq edilib.
"Təcili Tibbi Yardım Xidmətinin maddi-texniki bazası möhkəmləndirilib, geolokasiya nöqtələrinin sayı 14-ə çatdırılıb, yeni tibbi avadanlıqlar alınıb. Bundan başqa, Hemodializ Mərkəzi müasir avadanlıqlarla təchiz olunaraq artıq bir neçə rayon xəstəxanasında fəaliyyətə başlayıb. Tibb işçilərinin peşəkarlığının artırılması üçün isə Seminar, Treninq və Simulyasiya Mərkəzi istifadəyə verilib", - deyə o, qeyd edib.
Səhiyyə sahəsində görülən işləri dəyərləndirən Süleyman Cəfərov bildirib ki, Dövlət Proqramı çərçivəsində həyata keçirilən islahatlar tibbi xidmətin əlçatanlığını və keyfiyyətini əhəmiyyətli dərəcədə artırıb. Ailə Sağlamlıq Mərkəzlərinin yaradılması əhalinin sağlamlığının qorunması baxımından vacib addımdır.
Onun sözlərinə görə, gələcəkdə Ailə Sağlamlıq Mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi, yeni təcili tibbi yardım avtomobillərinin istifadəyə verilməsi və tibb işçilərinin sertifikasiyası planlaşdırılır.
