Dövlətin gizli mesajının daşıyıcısı…

Dövlətin gizli mesajının daşıyıcısı…

22 Avqust 2025

Bu gün vətənpərvər bir dostumun xahişi ilə bizə sadə görünsə də, əslində dərin simvolik və ideoloji mənaya malik olan, Azərbaycanın 2009-cu ildə dövriyyəyə buraxdığı 5 manatlıq əsginasında gizlənmiş siyasi və mədəni mesajlar barəsində bir mövzunu analiz etmək istəyirəm. Keçmişə bağlı, bu günü yaşayan və gələcəyə yönəlmiş milli strategiyanın və dövlət prioritetlərinin vizual ifadəsi olan bu əsginas vasitəsilə dövlətimiz vətəndaşa və dünyaya öz mədəniyyətini, kimliyini və siyasi kursunu səssiz, lakin aydın şəkildə təqdim edir. Əsginas özündə təkcə vizual və estetik deyil, ideoloji və siyasi yüklü mesajlar daşıyan bir sənəddir. Əsginasın üzərindəki hər bir simvol, dövlət ideologiyasının simvolik daşıyıcısıdır və dizaynında əks olunan elementlər bugünkü siyasətin əsas prioritetlərinə – mədəni dirçəliş, milli kimliyin gücləndirilməsi, Türk dünyası ilə əməkdaşlıq, Avropa ilə balanslı inteqrasiya siyasətini,  Azərbaycan dövlətinin apardığı daxili və xarici siyasətin əsas sütunlarını dolayısı ilə əks etdirir. Bu ikili strategiya hazırda Azərbaycanın geosiyasi mövqeyini qoruyub gücləndirməsinin əsas üsullarından biridir.

Əsginasın ön tərəfində Azərbaycanın ədəbi simalarının təsvirləri yer alır. Bu təsvirlər milli ədəbiyyatımızın sütunlarını təşkil edən görkəmli şəxsiyyətlərin ümumiləşdirilmiş obrazlarıdır. Onlar vasitəsilə əsginas Azərbaycan xalqının bədii təfəkkürə verdiyi dəyəri, sözə və sənətə olan ehtiramını ifadə edir. Bu elementlər, həmçinin gələcək nəsillərə milli ədəbiyyatın böyüklüyünü xatırlatmaq məqsədi daşıyır.

Kitab təsvirləri əsginasda mədəniyyətin təməl simvolu kimi təqdim olunur. Kitab – bilik, maarifçilik və tərəqqi deməkdir. Hər bir vətəndaş üçün bu simvol oxumağa, öyrənməyə və özünü inkişaf etdirməyə çağırış kimi də başa düşülə bilər.

Ən maraqlı və təsiredici detalların biri isə əsginas üzərində Azərbaycan Respublikasının Dövlət Himnindən bir parçanın yer almasıdır. Bu hissə milli qürurun, dövlət müstəqilliyinin və xalq birliyinin simvoludur. Himnin sözləri  canlı duyğular oyadaraq, vətəndaşda vətənə sevgi və bağlılıq hissini dərinləşdirir.

Əsginasın arxa tərəfindəki milli qürur və mənəvi irsə aid olan, Göytürk (Orxon Yenisey) əlifbası ilə Qədim “TÜRK” yazısının  yer alması, xalqın etnik, tarixi və mədəni köklərinə hörmətin ifadəsi olaraq “Milli kimlik və mənsubiyyəti”, Azərbaycanın Türk dünyasının ayrılmaz bir parçası olduğunu simvolizə edir. “TÜRK” sözünün bu formada əks olunması güc, birlik, dövlətçilik ənənələri və mədəni zənginliyi ifadə edir.

Bu Türk dünyası ilə inteqrasiyanın ideoloji rəmzi olaraq sadəcə tarixi keçmişə istinad deyil, eyni zamanda bu gün Azərbaycanın Türk dünyası ilə inteqrasiya siyasətinin də vizual kodudur. Bunu Azərbaycanın Türk Dövlətləri Təşkilatında (TDT) fəal rol alması və bu təşkilatın güclənməsi üçün təşəbbüskar olması, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkiyə ilə siyasi, iqtisadi və hərbi əməkdaşlığın dərinləşməsi, "Bir millət, iki dövlət" fəlsəfəsinin Türkiyə ilə strateji müttəfiqliyə çevrilməsi, Türk kimliyinə sadiqliyini, Türk mədəniyyəti və dili üzrə ortaq proqramların tətbiqi, siyasi xəttin simvolik başlanğıclarından biri kimi də anlaya bilərik.

Dövlətin milli mədəniyyətə əsaslanan ideoloji sabitlik siyasətinin  yürütməsi, Azərbaycanın UNESCO və ICESCO layihələri çərçivəsində apardığı fəallıq, mədəniyyət sahələrinin beynəlxalq səviyyədə tanıdılması, Şuşanın bərpası, və muğam festivalları əsginasın mövzu xəttinin real siyasi müstəvidə davamıdır.

Avropa simvolikası və Azərbaycan xəritəsi  isə Azərbaycanın Avropa ilə mədəni, siyasi və iqtisadi inteqrasiyası ideyasını ifadə edərək şaxələndirilmiş xarici siyasətin göstəricisi və bugünkü Azərbaycan siyasətindəki iki mühüm vektoru əks etdirir. Şərq Tərəfdaşlığı çərçivəsində Aİ ilə ikitərəfli əlaqələrin inkişafı,  Avropa strukturlarına (Avropa Şurası, Avropa Olimpiya Komitəsi və s.) inteqrasiya,  paytaxt Bakının Qərb ilə Şərq arasında mədəni körpü rolu oynayan bir mərkəzə çevrilərək  Avropa Oyunları, “Eurovision”, COP29, Avropa və Dünya çempionatları kimi nüfuzlu idman tədbirləri, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə bu yaxınlarda keçirilən Beynəlxalq Geologiya-Mədənçilik “GEOMİNİNG”-2025 Forumu və.s. bütün bu siyasətin bariz nümunəsidir. Bu tarixə və milli köklərə bağlılıq (milli ideologiya) və müasir dünyaya inteqrasiya (pragmatik xarici siyasət), "nə tam Şərq, nə də tam Qərb" prinsipi ilə deyil, tamamilə balanslaşdırılmış diplomatiya ilə uzlaşan “Müdrik  Dövlət”  siyasətinin  göstəricisidir.

 Azərbaycanın milli valyutası üçün hazırlanan əsginaslar “milli ideya” konsepsiyası üzərində qurulub və hər bir nominasiya müəyyən bir mövzunu simvolizə edir. Beynəlxalq standartlara uyğun müasir təhlükəsizlik elementlərinin  tətbiq edildiyi bu əsginaslar  həm daxildə, həm də beynəlxalq səviyyədə Azərbaycanın qədim köklərə, çağdaş inkişaf meyllərinə bağlı olması ilə bərabər, zəngin mədəni və dərin tarixi irsinin tanıdılmasında mühim rol oynayır.

Belə  bir nəticəyə gəlmək olar ki, bu əsginaslar  sadəcə bir valyuta və ya pul vahidi deyil. O, dövlətin mədəni, siyasi və ideoloji prioritetlərini vizual formada cəmiyyətə təqdim edən gizli bir mesajın daşıyıcısıdır.

Azərbaycan Respublikasının milli pul vahidlərinin üzərində əks olunan incə simvollar, memarlıq nümunələri, sənət və elmə dair işarələr, tarixi çağırışlar və dərin mənalar, xalqımızın zəngin mədəni irsini, müstəqilliyini və inkişaf yolunu əks etdirir. Bu simvollar təkcə estetik dəyər daşımır, həm də milli qürur və yaddaş daşıyıcısıdır. Bu dəyərli işin ərsəyə gəlməsində əməyi olan bütün vətənpərvər insanlara minnətdarlığımı bildirir. Onlarla qürur duyuram!

Əlövsət HÜSEYNQULİYEV 

AŞPA-nın üzvü statusuna malik olan

Beynəlxalq Antiterror Birliyi prezidentinin müşaviri