Bizim üçün Çingiz irsi

Bizim üçün Çingiz irsi

29 Avqust 2025

Tarix yalnız silah tutanları deyil, həqiqəti yazanları da yadda saxlayır. Qarabağ uğrunda gedən savaşda təkcə əsgərlər döyüşmürdü. Elə insanlar var idi ki, onların silahı kamera, səngəri isə obyektiv arxası idi. Bu qəhrəmanlardan biri və bəlkə də birincisi Çingiz Mustafayev idi.

Çingiz 1960-cı ilin avqust ayında, Həştərxanın Kapustin Yar kəndində dünyaya gəldi. Uşaqlıqdan fərqli düşünən, enerjili və yaradıcı bir insan idi. Ailəsi ilə birlikdə Bakıya köçdükdən sonra onun həyatı tamam başqa bir istiqamətə yönəldi. Atasının hərbçi olmaq arzusu ilə o da hərbi liseydə oxudu, amma ürəyi başqa bir yol istəyirdi. O, çərçivələrə sığmayan, yenilik axtaran bir ruh idi.

Gəncliyində musiqiyə, texnologiyaya maraq göstərdi. DJ kimi tanındı, “3M” adlı işıq-musiqi qrupunu yaratdı. 1983-cü ildə Azərbaycan dilində ilk rep nümunəsini səsləndirməklə o dövrün cəsarətli yenilikçilərindən biri oldu. Amma bu onun yolunun başlanğıcı idi. O, daha böyük bir missiyaya doğru gedirdi.

Tibb universitetini bitirib həkim kimi çalışmağa başladı. Lakin həyat ona başqa bir yol göstərdi. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı həm həkim, həm də vətəndaş kimi ön cəbhədə idi. Elə bu hadisələr onun kamera arxasına keçməsinə səbəb oldu. Çünki o, artıq anlayırdı ki, təkcə insanları sağaltmaq yox, həqiqətləri göstərmək də vacibdir.

1991-ci ildən jurnalistikaya başladı. Amma o, sadəcə jurnalist deyildi. Çingiz hadisələrin içinə girirdi, qorxmadan, çəkinmədən gerçəyin üzünə baxırdı. Onun çəkdiyi reportajlar sadəcə xəbərlər deyil, tarix idi. Hər kadra insan taleyi, millət ağrısı, torpaq dərdi hopmuşdu.

Çingiz dövlət televiziyasının imkanları ilə kifayətlənmədi. Senzuradan kənarda işləmək üçün “215 KL” adlı müstəqil studiyanı yaratdı. O, azad danışmaq, azad göstərmək istəyirdi. Məqsədi sadəcə xəbər vermək deyildi. O, gələcək nəsillərə sənədli tarix qoymaq istəyirdi.

Qarabağ müharibəsi zamanı cəbhənin ən qaynar nöqtələrində oldu. Səkkiz ayda 18 sənədli film çəkdi. Bu, bir insanın ömrünü lentə köçürmək demək idi. Bəzən döyüşçü, bəzən komandir, amma hər zaman vətəndaş idi.

Çingiz Mustafayev xüsusilə Xocalı faciəsini dünyaya tanıdan insanlardan biri oldu. Allahverdi Bağırovun təşəbbüsü və Vitali Balasanyanla aparılan danışıqlar nəticəsində o və operator Seyidağa Mövsümlü faciənin izlərini lentə ala bildilər. Seyidağa bu dəhşəti ilk, Çingiz isə iki gün sonar, 28 fevralda çəkdi. Bu kadrlar Ermənistanın dünyadakı imicini sarsıtdı, Xocalının həqiqətini sübut etdi.

1992-ci ilin iyun ayında Naxçıvanik kəndində çəkiliş zamanı şəhid oldu. Çingiz artıq yalnız bir jurnalist deyildi O, həm də vətən uğrunda can verən şəhid idi. Bakıda, Şəhidlər Xiyabanında dəfn edildi.

Bu gün biz Qarabağda, onun can verdiyi yerlərdə qalib xalq kimi gəzərkən Çingiz Mustafayevin çəkdiyi kadrlar bizə bir həqiqəti xatırladır. Bu torpaq təkcə silahla deyil, həqiqətlə də qorunub. Vətən Müharibəsində qazanılan Qələbə təkcə hərbi zəfər deyildi, həm də mənəvi haqqın təntənəsi idi. Bu haqqı dünyaya göstərənlərdən biri də məhz Çingiz idi.

Bu gün Qarabağ azaddır. Beş ildir ki, həmin torpaqlarda həyat qayıdıb. Şuşa musiqi səsləri ilə, Füzuli yeni yollarla, Xankəndi bayrağımızla işıqlanır. Bu işığın içində bir kamera da var - səssizcə tarix yazan, həqiqəti əbədiləşdirən bir kamera. Onun arxasında isə - Çingiz Mustafayevin ruhu var... Bu ruh Azərbaycan mətbuatına da hopub.

Mətin KAMAL