Qurban bayramı mərhəmət, təqva və paylaşma bayramıdır -

Qurban bayramı mərhəmət, təqva və paylaşma bayramıdır - MÜSAHİBƏ

04 İyun 2025

Müsahib: Əli Orucov – Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri

Əli müəllim, əvvəlcə vaxt ayırdığınız üçün təşəkkür edirik. İcazə verin, söhbətə bu sualla başlayaq: Qurban bayramının İslam dinində yeri və fəziləti nədən ibarətdir?

Əli Orucov: Qurban bayramı İslam dininin ən müqəddəs və mənəvi bayramlarından biridir. Bu bayram, böyük peyğəmbərlərdən Həzrət İbrahimin və onun oğlu İsmayılın imanı, itaəti və qurbanlıq niyyəti ilə bağlıdır. Allah-Təala bu böyük imtahan qarşısında onların səmimi niyyətini qəbul etmiş və İsmayıl əvəzinə bir qoç göndərmişdir. Bu hadisə bizə Allahın mərhəmətini, sınaqlar qarşısında təslimiyyəti və Allaha yaxın olmağın yolunu göstərir. Qurban kəsmək sadəcə zahiri bir ibadət deyil, bu ibadətin ruhu insanın Allah qarşısındakı təqvası və ehtiramıdır.

Bəs bu gün, yəni müasir dövrdə Qurban bayramının ictimai və mənəvi mesajları nədir?

Əli Orucov: Bugünkü dövrdə Qurban bayramı cəmiyyətin birliyini və həmrəyliyini daha da gücləndirən bir vasitədir. Əsas məqsəd Allaha yaxınlaşmaq və bu niyyətlə ehtiyacı olanlara əl tutmaqdır. Qurban ətinin bir hissəsinin kasıblara, ehtiyac sahiblərinə verilməsi, insanların bir-birinə qarşı mərhəmət göstərməsi, eyni süfrə arxasında birləşməsi bu bayramın ruhunu təşkil edir. Bu gün, sosial yardımlaşmanın, paylaşmanın və insani dəyərlərin yenidən xatırlandığı gündür.

Naxçıvanda Qurban bayramı hansı mənəvi mühitdə qeyd olunur? Buradakı dini mühit haqqında nə deyə bilərsiniz?

Əli Orucov: Naxçıvan Muxtar Respublikası hər zaman dini dəyərlərə bağlı, milli-mənəvi irsə hörmətlə yanaşan bir bölgə olub. Burada dini ayinlər qanuna və adət-ənənələrə uyğun şəkildə həyata keçirilir. Qurban bayramı da çox yüksək səviyyədə qeyd olunur. Hər il məscidlərimizdə bayram namazı qılınır, qurbanlar kəsilir və bu kəsilən qurban ətləri əsasən aztəminatlı ailələrə, şəhid ailələrinə və kimsəsizlərə çatdırılır. Dövlət orqanları və dini qurumlar birgə fəaliyyət göstərir ki, bu da bayramın daha dərin mənada yaşanmasına şərait yaradır.

Qurban kəsməyin şərtləri və dini qaydaları barədə oxucularımıza nə tövsiyə edərdiniz?

Əli Orucov: Qurban kəsmək üçün heyvan sağlam, qüsursuz və müəyyən yaş həddinə çatmış olmalıdır. Ən əsası, qurban ibadət niyyəti ilə edilməlidir. Heyvanın əziyyət verilmədən, İslam qaydalarına uyğun kəsilməsi vacibdir. Bu gün Naxçıvanda Qida Təhlükəsizliyi Agentliyi və digər əlaqədar qurumlar bu prosesə nəzarət edir. İnsanlar dini savadı olan şəxslərlə məsləhətləşərək, həm şəriətə, həm də gigiyenik qaydalara uyğun şəkildə qurbanlarını kəsirlər. Biz insanlara məsləhət görürük ki, niyyətlərini saf saxlasınlar, qurbanlarını səmimiyyətlə və Allaha yaxınlaşmaq niyyəti ilə yerinə yetirsinlər.

Sonda oxucularımıza Qurban bayramı münasibətilə hansı arzularınızı bölüşmək istərdiniz?

Əli Orucov: Arzum budur ki, bu müqəddəs bayram hər bir evə bolluq, ruzi, sağlamlıq və mənəvi rahatlıq gətirsin. İnsanlar bir-birinə daha çox sevgi, anlayış və mərhəmət göstərsin. Xüsusilə bu bayramda ehtiyac içində olanları unutmayaq. Allah kəsilən bütün qurbanları qəbul etsin və bizləri Rəbbimizin razı qaldığı qullarından etsin. Qurban bayramınız mübarək olsun!

Müsahibəni hazırladı:

Mətin KAMAL