
Müdafiə Nazirliyində media nümayəndələri ilə görüş keçirilib
Aprelin 11-də Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində Nazirliyin, Medianın İnkişafı Agentliyinin və media subyektlərinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Qonaqlara müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası ilə bağlı ətraflı məlumat verilib.
Tədbirdə Müdafiə Nazirliyi tərəfindən kommunikasiya, o cümlədən media və ictimaiyyətlə əlaqələr sahəsində görülən işlər, vətəndaş müraciətlərinin operativ cavablandırılması və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, hərbi təhsil sisteminin təşkili, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları ilə bağlı brifinqlər təqdim edilib.
Çıxış edənlər gənclər arasında hərbi vətənpərvərliyin təbliğinin, müsahibə və çəkilişlər zamanı hərbi sirrin qorunmasına riayət edilməsinin vacibliyini diqqətə çatdırıblar.
Sonda ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı suallar cavablandırılıb və tədbir iştirakçılarının təklifləri dinlənilib.