
Latviyanın Dövlət Sərhəd Mühafizəsinin rəisi Azərbaycanda səfərdədir
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Latviyanın Dövlət Sərhəd Mühafizəsinin rəisi general Quntis Puyatsın rəhbərliyi altında nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində AzərbaycanDövlət Sərhəd Xidməti və Latviyanın Dövlət Sərhəd Mühafizəsinin nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdə iki ölkə arasında bütün istiqamətlərdə, o cümlədən sərhəd təhlükəsizliyi sahəsində münasibətlərin uğurla inkişaf etməsi vurğulanmış, 2023-cü və 2024-cü illərdə Azərbaycan və Latviyanın sərhəd mühafizə qurumları rəhbərlərinin qarşılıqlı səfərlərinin birgə əməkdaşlıq fəaliyyətlərinin uğurla inkişafına töhfə verməsi qeyd olunub.
Müzakirə zamanı Azərbaycan Respublikasının dövlət sərhədlərində, o cümlədən, işğaldan azad edilmiş ərazilərdə sərhəd təhlükəsizliyinin təmin edilməsi, müasir texniki vasitələrin və texnologiyaların tətbiqi ilə zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Tərəflər sərhəd təhlükəsizliyinə qarşı təhdidlər, o cümlədən qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də qarşılqılı maraq kəsb edən digər məsələlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsinə hazırlıq ifadə ediblər.
Səfər müddətində qonaqlar Dövlət Sərhəd Xidmətinin müvafiq struktur qurumları ilə tanış olunublar.