“Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb
Filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun (Yurdoğlu) müəllifi olduğu “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiyası çap olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapa tövsiyə olunan 304 səhifəlik nəşrin elmi redaktoru və ön sözünün müəllifi filologiya elmləri doktoru, AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri Leyla Məmmədova, rəyçiləri filologiya elmləri doktoru Seyfəddin Rzasoy, filologiya üzrə fəlsəfə doktoru, dosent Çinarə Rzayeva və filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Əsədovadır.
“Naxçıvan folklorunun tədqiqi və qarşılıqlı əlaqələri”, “Yazıçı və folklor əlaqələri” və “Naxçıvanlı müəlliflərin əsərlərində folklor janr, mövzu və motivləri” adlı üç fəsildən ibarət olan kitabın birinci fəslində Məhəmmədhüseyn Təhmasibin dastanşünaslıqda rolu, Ərtoğrol Cavidin xalq yaradıcılığına sevgisi, Naxçıvan bayatılarında dağ motivi və sevgi iztirabları, “Köçəri” yallısı, eləcə də Naxçıvan bayatılarının İqdır, Kərkük və Balkan türklərinin bayatıları ilə müqayisəli təhlili yer alır. İkinci fəsildə Hüseyn Cavid, Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, Aşıq Nabat, Məmməd Araz, İslam Səfərli, Adil Babayev və Hüseyn Razi kimi görkəmli ustadların yaradıcılığında folklor motivləri və xalq lirikasının təzahürü araşdırılır. Son fəsildə isə mifin şeirə təsiri, xalq oyun və tamaşalarının poetik ifadəsi, epik folklor nümunələrindən gələn mövzu, motiv və obrazların şeirdə bədii əksi, xalq lirikası və yazılı şeir əlaqələri təhlil olunur.
Qeyd edək ki, 20 ildir, folklorşünaslıq sahəsində tədqiqatlar aparan, 100-ə yaxın elmi məqalənin, həmçinin 5 monoqrafiyanın müəllifi olan filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun bu yeni kitabı Naxçıvan ədəbi mühitini və folklorunu öyrənən tədqiqatçılar üçün dəyərli mənbədir.











