Naxçıvanda bərk məişət tullantılarının emalı müəssisəsinin yaradılması müzakirə olunub - FOTO
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə bir sıra ekoloji və sosial layihələrin Asiya İnkişaf Bankı ilə birgə həyata keçirilməsi imkanları müzakirə olunub.
Müzakirələr zamanı bərk məişət tullantılarının emalı müəssisəsinin yaradılması, sosial dəstəyə ehtiyacı olan ailələrin evlərinin dam örtüklərində elektrik enerjisi təminatı sistemlərinin quraşdırılması, çöl heyvanlarının yemlənməsi üçün xüsusi qurğuların yerləşdirilməsi, istixananın yaradılması, eləcə də hidrometeoroloji stansiyaların qurulması ilə bağlı layihə təklifləri nəzərdən keçirilib.
Görüşdə qeyd olunan layihələrin həyata keçirilməsi imkanları, onların ətraf mühitin mühafizəsinə, əhalinin sosial rifahının yaxşılaşdırılmasına və Naxçıvanda dayanıqlı inkişafın təmin olunmasına verə biləcəyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb.








