Naxçıvan şəhərində Zəfər Günü ilə bağlı möhtəşəm atəşfəşanlıq keçiriləcək
Naxçıvan şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə böyük bayram tədbirləri keçiriləcək. Azərbaycanın tarixi qələbəsinin 5 illiyi ilə əlaqədar olaraq gün ərzində zəfər ruhunu əks etdirən tədbirlər təşkil ediləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bayram günündə Naxçıvan şəhərinin mərkəzində, Heydər Əliyev prospektində səhnə qurulacaq və Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim ediləcək. Tədbirdə tanınmış müğənnilərin, yaradıcı kollektivlərin, yerli ansambılların və musiqi qruplarının çıxışları yer alacaq. Konsert proqramında Vətən, qəhrəmanlıq və vətənpərvərlik mövzularında mahnılar səslənəcək, şəhidlərimizin və qazilərimizin şücaətinə həsr olunmuş kompozisiyalar nümayiş etdiriləcək.
Bayram tədbirinin sonunda möhtəşəm atəşfəşanlıq keçiriləcək.
Zəfər Gününə həsr olunmuş tədbirlər təkcə konsert proqramı ilə məhdudlaşmayacaq və gün ərzində şəhərdə bir sıra mədəni, sosial layihələr həyata keçiriləcək. Səhər saatlarından başlayaraq uşaq və gənclər, o cümlədən incəsənət məktəblərinin şagirdləri tərəfindən “Zəfər Günü – Qürur Günümüz” adlı rəsm müsabiqələri və sərgilər təşkil olunacaq. Bu sərgilərdə gənclərin qələbə ruhunu, vətənpərvərlik hisslərini əks etdirən əsərlər nümayiş etdiriləcək.
Bayram ərəfəsində Naxçıvan şəhəri Zəfər ab-havasında bəzədiləcək, küçə və prospektlərdə dövlət bayraqları, zəfər simvolları quraşdırılacaq.








